Orxan İsayev: Din adı altında mövhumata meyllənmək cəmiyyətin inkişafına mane olur
Dünyəvi təhsil sistemində şagirdlər arasında sosial bərabərliyin qorunması və ümumi qaydalara riayət olunması vacibdir. Vahid məktəbli forması da şagirdlərin məktəb mühitində özlərini bərabərhüquqlu hiss etməsinə xidmət edən vasitələrdən biridir.
Operativ Media xəbər verir ki, bunu Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Azərbaycan şifahi xalq ədəbiyyatı və yazılı abidələr şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Orxan İsayev bildirib.
O qeyd edib ki, dini mövhumat və cəhalətlə mübarizə Azərbaycanda hələ maarifçilik hərəkatı dövründə başlayıb. Alimin sözlərinə görə, uzun müddət keçməsinə baxmayaraq, bəzi insanlar hələ də din adı altında mövhumata meyllənirlər. Bu cür hallar cəmiyyətin inkişafına maneə yarada bilər.
O.İsayev vurğulayıb ki, belə halların qarşısının alınmasında dövlət qurumları ilə yanaşı, ziyalıların və mütərəqqi düşüncəli insanların da üzərinə məsuliyyət düşür. Onun fikrincə, maarifləndirmə işi həm cəmiyyət səviyyəsində, həm də insanların gündəlik ünsiyyətində aparılmalıdır.
Alim erkən nikah və azyaşlı qızların təhsildən uzaqlaşdırılması məsələsinə də diqqət çəkib. O bildirib ki, bu problemlərin aradan qaldırılması üçün maarifləndirici tədbirlər gücləndirilməli, valideynlər erkən nikahın mümkün fəsadları barədə məlumatlandırılmalıdır.
O.İsayevin sözlərinə görə, azyaşlı qızların təhsildən yayındırılması onların gələcək imkanlarını məhdudlaşdırmaqla yanaşı, cəmiyyətin inkişafına da mənfi təsir göstərə bilər.
Dünyəvi təhsil məsələsinə toxunan alim bildirib ki, Azərbaycan dünyəvi dövlətdir və təhsil sisteminin müasir tələblərə uyğun inkişafı mühüm əhəmiyyət daşıyır. Onun fikrincə, məktəblərdə ümumi qaydalara riayət olunması və şagirdlər arasında sosial bərabərliyin qorunması vacibdir.
“Şagird məktəbə daxil olarkən özünü digərlərindən fərqli hiss etməməlidir. Bu qərar heç bir din əleyhinə atılmış addım kimi qiymətləndirilməməlidir. Əksinə, din azaddır və hər kəsin inancına hörmətlə yanaşılmalıdır. Lakin təhsil qanunlarına da hörmət və sayğı gözlənilməli, dövlət tətbiq etdiyi qanunlara riayət olunmalıdır”, – deyə O.İsayev bildirib.