Menyu

Kamran Bayramov: Xarici ideoloji təsirlərə qarşı mübarizə gücləndirilməlidir

Ayşən Sadıxzadə
Kamran Bayramov: Xarici ideoloji təsirlərə qarşı mübarizə gücləndirilməlidir
1 dəq oxu

İdeoloji təhlükəsizliyin qorunması Azərbaycanın milli təhlükəsizliyinin, daxili sabitliyinin və ictimai həmrəyliyinin əsas şərtlərindən biridir.

Operativ Media xəbər verir ki, bunu deputat Kamran Bayramov bildirib.

Onun sözlərinə görə, müasir dövrdə xarici güclər və geosiyasi mərkəzlər informasiya manipulyasiyaları, saxta məlumatlar və yad ideoloji təsirlər vasitəsilə cəmiyyətlərin daxili sabitliyinə təsir göstərməyə çalışırlar. Bu səbəbdən ideoloji müdafiə sisteminin gücləndirilməsi dövlətçiliyin qorunması baxımından mühüm əhəmiyyət daşıyır.

Deputat qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII qurultayında vurğuladığı kimi, xarici təhdidlərin və ideoloji təxribatların qarşısının vaxtında alınması, azərbaycançılıq məfkurəsinin, milli-mənəvi dəyərlərin və dövlət suverenliyinin qorunması ölkənin davamlı inkişafı üçün vacibdir.

K.Bayramov bildirib ki, xüsusilə İranın sosial şəbəkələrdəki media resursları və hesabları vasitəsilə Azərbaycanın daxili auditoriyasına təsir göstərmək cəhdləri narahatlıq doğurur. Onun fikrincə, müasir dövrdə xarici təhdidlər yalnız hərbi və iqtisadi sahələrlə məhdudlaşmır, informasiya və ideoloji müstəvidə də özünü göstərir.

Deputatın sözlərinə görə, xaricdən idarə olunan informasiya kampaniyaları dini hisslərdən istifadə etmək, sosial-iqtisadi narazılıqları qabartmaq və saxta məlumatlar yaymaq yolu ilə cəmiyyətdə qütbləşmə yaratmağa, xüsusilə gənclərə yad ideoloji yanaşmaları aşılamağa yönələ bilər. O hesab edir ki, bu cür fəaliyyətlər dövlət institutlarına inamı zəiflətmək və ictimai-siyasi sabitliyə təsir göstərmək məqsədi daşıyır.

K.Bayramov bu təhdidlərə qarşı hüquqi və institusional tədbirlərin gücləndirilməsinin vacibliyini vurğulayıb. O, xarici dövlətlərin maliyyələşdirdiyi təsir fəaliyyətlərinə və koordinasiyalı dezinformasiya hücumlarına görə məsuliyyət tədbirlərinin sərtləşdirilməsini, informasiya təhlükəsizliyi sahəsində qanunvericiliyin müasir çağırışlara uyğunlaşdırılmasını təklif edib.

Deputat, həmçinin informasiya təhlükəsizliyi üzrə monitorinq və çevik reaksiya imkanlarının genişləndirilməsini, saxta məlumatların vaxtında aşkarlanması üçün rəqəmsal analitika vasitələrindən istifadəni vacib sayıb.

Onun fikrincə, cəmiyyətin xarici ideoloji təsirlərə qarşı dayanıqlılığını artırmaq üçün milli-mənəvi dəyərlərə əsaslanan maarifləndirmə işi gücləndirilməli, xüsusilə gənclərin media savadlılığı artırılmalıdır.

K.Bayramov əlavə edib ki, dövlət-vətəndaş həmrəyliyinin möhkəmləndirilməsi Azərbaycanın informasiya suverenliyinin və uzunmüddətli ictimai-siyasi sabitliyinin qorunmasında mühüm rol oynayır.

Əlaqəli Xəbərlər