Ramin Məmmədov: Azərbaycanın dünyəvi idarəetmə modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur
“Azərbaycanın dünyəvi dövlət modeli ilə dini-mənəvi dəyərlər arasında ziddiyyət yoxdur”.
Operativ Media xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov öz sosial media hesabında etdiyi paylaşımda bildirib.
O qeyd edib ki, gələcək Azərbaycan cəmiyyətinin hansı dəyərlər, düşüncə modeli və vətəndaşlıq məsuliyyəti üzərində formalaşacağı mühüm məsələlərdəndir.
R.Məmmədovun sözlərinə görə, cəmiyyətin davamlı inkişafı iqtisadi və texnoloji imkanlarla yanaşı, mənəvi dayaqlar, tarixi yaddaş və vətəndaşların məsuliyyət hissi ilə də müəyyən olunur.
O bildirib ki, Ümummilli Lider Heydər Əliyevin gənclər siyasətində milli-mənəvi dəyərlərin qorunması xüsusi yer tutub. Ulu Öndərin 1996-cı ildə Gənclərin I Forumunda səsləndirdiyi “Gənclərimiz milli ruhda, bizim milli-mənəvi dəyərlərimizin əsasında tərbiyələnməlidir” fikri bu gün də aktuallığını qoruyur.
Komitə sədri vurğulayıb ki, milli-mənəvi tərbiyənin əsas məqsədi öz tarixini və ənənələrini bilən, milli kimliyini dərk edən, müstəqil düşünən və dövlətçilik məsuliyyətini anlayan vətəndaşlar yetişdirməkdir.
Onun fikrincə, bu prosesin təməli ailədə qoyulur, təhsil müəssisələrində sistemli şəkildə inkişaf etdirilir. Müasir dövrdə isə internet, sosial media, rəqəmsal texnologiyalar və süni intellekt gənclərin dünyagörüşünün formalaşmasına ciddi təsir göstərir.
R.Məmmədov qeyd edib ki, informasiya bolluğu özlüyündə düzgün dünyagörüşünün formalaşmasına təminat vermir. Məlumatların etibarlılığını qiymətləndirmək, manipulyasiyanı tanımaq, fərqli fikirləri müqayisə etmək və sağlam mühakimə əsasında qərar vermək bacarığı xüsusi əhəmiyyət daşıyır.
O, gənclərin dini biliklərinin sağlam və etibarlı mənbələr əsasında formalaşdırılmasının vacibliyini də diqqətə çatdırıb. Bildirib ki, dini anlayışların düzgün mənimsənilməsi, xurafatın və radikal ideyaların fərqləndirilməsi, eləcə də dini inancdan sui-istifadə edən manipulyativ çağırışların tanınması mühüm əhəmiyyət daşıyır.
Komitə sədrinin sözlərinə görə, dini dəyərlər insan ləyaqətinə, mərhəmətə, ədalətə, qarşılıqlı hörmətə, ictimai həmrəyliyə və sülhə xidmət etməlidir.
“Dünyəvi dövlət dini dəyərləri inkar etmir, əksinə, onları qorumaq üçün mükəmməl hüquqi mexanizmlər təqdim edir”, – deyə R.Məmmədov bildirib.
O əlavə edib ki, dünyəvilik dövlət idarəçiliyinin hüquq və qanunçuluq əsasında həyata keçirilməsini, vətəndaşların dinindən və etiqadından asılı olmayaraq bərabərliyinin qorunmasını və dini etiqad azadlığının təmin edilməsini nəzərdə tutur.
R.Məmmədov vurğulayıb ki, milli kimliklə müasirlik arasında məcburi seçim yoxdur. Milli dəyərlərə bağlılıq elmi biliklərə, texnoloji yeniliklərə və müasir düşüncəyə açıq olmağa maneə yaratmamalıdır.
O bildirib ki, milli-mənəvi dəyərlər, dini etiqad azadlığı və dünyəvi dövlətçilik prinsipləri bir-birinə qarşı qoyulmamalı, əksinə, milli kimliyin qorunmasına, sağlam ictimai şüurun və məsuliyyətli vətəndaş mövqeyinin formalaşmasına xidmət edən prinsiplər kimi qəbul edilməlidir.