Rizvan Nəbiyev: Azərbaycanın xarici siyasətində çoxtərəfli diplomatiya mühüm yer tutur
“Azərbaycanın milli maraqlara əsaslanan müstəqil və çoxvektorlu xarici siyasəti ölkəmizin beynəlxalq mövqelərini möhkəmləndirir, strateji manevr imkanlarını genişləndirir”.
Operativ Media xəbər verir ki, bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, deputat Rizvan Nəbiyev parlamentin bugünkü iclasında çıxışı zamanı deyib.
Deputat bildirib ki, Prezident İlham Əliyevin oktyabrın 2-də Yeni Azərbaycan Partiyasının VIII Qurultayında səsləndirdiyi fikirlər Azərbaycanın xarici siyasətinin əsas prinsiplərini və prioritetlərini bir daha ortaya qoyub. Onun sözlərinə görə, Azərbaycan müxtəlif güc mərkəzləri ilə bərabərhüquqlu tərəfdaşlıq qurur, regional və qlobal proseslərdə fəal iştirak edir, strateji prioritetlərini müstəqil şəkildə müəyyənləşdirir.
R.Nəbiyev qeyd edib ki, Çinlə hərtərəfli strateji tərəfdaşlığın qurulması, ABŞ-la strateji tərəfdaşlıq xartiyasının imzalanması, eləcə də Avropa İttifaqının üzv dövlətləri ilə əlaqələrin genişləndirilməsi Azərbaycanın xarici siyasətinin şaxələndirilməsinin göstəriciləridir.
Deputat vurğulayıb ki, Azərbaycanın beynəlxalq proseslərdəki mövqeyi və tərəfdaşları arasında etimadı ölkənin qarşıdurma yaşayan tərəflər arasında dialoq üçün platformaya çevrilməsinə imkan yaradır. O bildirib ki, belə bir rolun yerinə yetirilməsi yalnız coğrafi mövqedən deyil, həm də dövlətin beynəlxalq münasibətlərdəki etibarından asılıdır.
R.Nəbiyev Azərbaycanın beynəlxalq təşkilatlarda iştirakının və çoxtərəfli əməkdaşlıq formatlarına inteqrasiyasının genişləndiyini də diqqətə çatdırıb. O, ölkəmizin 2024-cü ildə D-8 təşkilatına üzv qəbul edilməsini, 2025-ci ildə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşü formatına tamhüquqlu iştirakçı kimi qoşulmasını və Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə görüşünün keçirilməsini bu istiqamətdə mühüm addımlar kimi qiymətləndirib.
Deputatın sözlərinə görə, Azərbaycanın Türk Dövlətləri Təşkilatı və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə çərçivəsində sədrliyi, eləcə də qarşıdakı illərdə ev sahibliyi edəcəyi beynəlxalq tədbirlər ölkənin diplomatik rolunu daha da artıracaq.
O qeyd edib ki, 2027-ci ildə Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünə və İslam Əməkdaşlıq Təşkilatına sədrlik etməsi, İƏT-in XVI Zirvə görüşünə ev sahibliyi etməsi, 2028-ci ildə isə MDB-yə sədrlik etməsinin nəzərdə tutulması ölkənin beynəlxalq əməkdaşlıq imkanlarını genişləndirir. Həmin ilin mayında Avropa Siyasi Birliyinin Zirvə görüşünün Azərbaycanda keçirilməsi də bu baxımdan əhəmiyyətlidir.
R.Nəbiyev bildirib ki, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi regional əməkdaşlıq üçün yeni siyasi reallıqlar yaradıb. Prezident İlham Əliyevin sülh və əməkdaşlıq strategiyası əldə olunan nəticələrin dayanıqlı sabitliyə, iqtisadi inteqrasiyaya və qarşılıqlı etimada çevrilməsini hədəfləyir.
Deputat əlavə edib ki, Azərbaycanın iqtisadi, siyasi və hərbi imkanlarının artması ölkənin beynəlxalq münasibətlər sistemində orta güc kimi mövqeyinin möhkəmlənməsinə şərait yaradır.
Onun sözlərinə görə, iqtisadi müstəqillik, suveren qərarvermə qabiliyyəti, milli maraqların müdafiəsi və beynəlxalq proseslərə təsir imkanları bu statusu müəyyən edən əsas amillərdir.