Günay Əfəndiyeva: Azərbaycan-Qırğızıstan əməkdaşlığı Türk dünyasında tərəfdaşlığın möhkəmlənməsinə töhfə verir
“Azərbaycan-Qırğızıstan ikitərəfli əməkdaşlığı həmçinin Türk dünyasında və bütövlükdə regionda tərəfdaşlıq mühitinin möhkəmlənməsinə önəmli töhfə verir”.
Operativ Media xəbər verir ki, bunu Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini, deputat Günay Əfəndiyeva parlamentin bugünkü iclasında çıxışı zamanı deyib.
Deputat bildirib ki, Azərbaycanla Qırğızıstan arasında ortaq soy-kökə, mədəni-mənəvi dəyərlərə, dil və dinə əsaslanan əlaqələr getdikcə genişlənir. Onun sözlərinə görə, Prezident İlham Əliyevlə Qırğızıstan Prezidenti Sadır Japarov arasında qardaşlıq münasibətləri, qarşılıqlı dövlət səfərləri və müntəzəm görüşlər iki ölkənin tarixi bağlarının möhkəmlənməsində mühüm rol oynayır.
G.Əfəndiyeva Azərbaycanın dövlət başçısının bu ilin iyulunda Qırğızıstana dövlət səfərinin nəticələrinə də diqqət çəkib. O qeyd edib ki, səfər çərçivəsində iqtisadiyyat, investisiya, nəqliyyat, logistika, energetika, maliyyə və rəqəmsal təhlükəsizlik daxil olmaqla müxtəlif sahələrdə əməkdaşlığın gücləndirilməsinə dair sənədlər mübadilə olunub.
Deputat Prezident İlham Əliyevin səfər zamanı səsləndirdiyi fikirləri xatırladıb: “Müttəfiqlik münasibətləri çox böyük məsuliyyət deməkdir və biz bu məsuliyyətə hazırıq”.
G.Əfəndiyeva iki ölkə arasında mədəni-humanitar əlaqələrin inkişafının da xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. O bildirib ki, Ağdamda Qırğızıstanın dəstəyi ilə “Manas” məktəbinin tikilməsi, Bişkekdə Azərbaycan-Qırğızıstan Dostluq Parkının yaradılması və Bakıda görkəmli qırğız yazıçısı Çingiz Aytmatovun abidəsinin ucaldılması xalqlar arasında dostluğun möhkəmlənməsinə xidmət edir.
Deputat Azərbaycan Dövlət Pedaqoji Universitetində Qırğız dili və ədəbiyyatı auditoriyasının açılmasını da əhəmiyyətli hadisə kimi dəyərləndirib.
“Bütün bunlar nədir? Yeni nəslin qırğız dilini, ədəbiyyatını, dəyərlərini öyrənməsi ilə yanaşı, ortaq türk dəyərlərini öyrənməsidir. Onlarla böyüməsidir, yetişməsidir. İrsimizi daha dərindən kəşf etməsidir”, – deyə o bildirib.
G.Əfəndiyeva, həmçinin Şuşa ilə Çolpon-Ata, Qəbələ ilə Karakol, Gəncə ilə Oş şəhərləri arasında qardaşlıq əlaqələrinin qurulduğunu qeyd edib. Onun sözlərinə görə, İssık-Kul gölünün sahilində Azərbaycan tərəfinin inşa etdiyi və zəngin irsimizi əks etdirən “Bakı” hotelinin fəaliyyətə başlaması da bu əməkdaşlığın nümunələrindəndir.
Deputat vurğulayıb ki, qarşılıqlı mədəni təşəbbüslər və birgə layihələr Azərbaycan və Qırğızıstan xalqlarının bir-birinə daha da yaxınlaşmasına, ortaq dəyərlər ətrafında birləşməsinə imkan yaradır.