Sahib Alıyev: Azərbaycan türk dünyasının qlobal gücə çevrilməsində mühüm rol oynayır
“Qırğızıstanla müttəfiqlik anlaşması təkcə ikitərəfli əməkdaşlığın dərinləşməsinə deyil, TDT və C6 çərçivəsində gedən proseslərə də müsbət təsir göstərəcək”.
Operativ Media xəbər verir ki, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədr müavini, deputat Sahib Alıyev parlamentin bugünkü iclasında deyib.
Deputat bildirib ki, Azərbaycanla Qırğızıstan arasında müttəfiqlik müqaviləsi ölkəmizin orta güc dövləti kimi mövqeyinin möhkəmlənməsinə xidmət edir.
Onun sözlərinə görə, Azərbaycanın C6 formatına gələn il sədrliyinin dəstəklənməsi və Xəzər dənizinin ekoloji problemlərinin həlli üçün beştərəfli Dövlətlərarası Komissiyanın yaradılması ölkəmizin regional rolunu göstərir.
S.Alıyev Azərbaycanın MDB çərçivəsində Özbəkistanla həmsədrliyini və Kamboca ilə iqtisadi əlaqələrinin genişləndirilməsi imkanlarını da qeyd edib.
“Belə anlaşmalar türk dünyasının qlobal gücə çevrilməsinin məhz üfüqi, çoxmərkəzli idarəçilik əsasında reallaşdırılacağından xəbər verir”, – deyə deputat vurğulayıb.
O əlavə edib ki, türk dünyasının inteqrasiyasında ortaq dəyərlərin, xüsusilə millilik və dünyəvilik prinsiplərinin qorunması, təhsil sahəsində əməkdaşlığın inkişafı mühüm əhəmiyyət daşıyır.