Türkiyədə uşaqların sosial media istifadəsinə yeni məhdudiyyətlər tətbiq olunacaq
Türkiyədə uşaqların sosial media istifadəsinə dair yeni qaydalar noyabrın 1-dən qüvvəyə minəcək.
Operativ Media "TRT Haber"ə istinadən xəbər verir ki, bunu Türkiyənin ailə və sosial xidmətlər naziri Mahinur Özdemir Göktaş Nazirlər Kabinetinin iclasından sonra jurnalistlərə açıqlamasında bildirib.
Nazirin sözlərinə görə, yeni qaydalara əsasən, sosial şəbəkələrdə hesab açmaq istəyən istifadəçilər 15 yaşını tamamladıqlarını elektron hökumət sistemi (e-Devlet) vasitəsilə təsdiqləməlidirlər. Yaşın yoxlanılması yalnız hesab yaradılarkən deyil, istifadə prosesi boyunca da həyata keçiriləcək.
Məlumata görə, qaydaların tətbiqi üçün 2027-ci il martın 31-dək keçid müddəti nəzərdə tutulub. Bu tarixdən sonra yaşın təsdiqlənməsi sisteminin tam tətbiqi planlaşdırılır.
Nazir bildirib ki, 15–18 yaşlı istifadəçilər üçün də müəyyən məhdudiyyətlər olacaq. Belə ki, ekran asılılığını artıran bəzi funksiyaların məhdudlaşdırılması, ekran yazısının aparılmasına və canlı yayımların açılmasına icazə verilməməsi nəzərdə tutulur. Bundan başqa, uşaqlara yalnız izlədikləri hesabların mesaj göndərə bilməsi və mesajların oxunması barədə bildirişin söndürülməsi kimi qaydalar tətbiq ediləcək.
M.Göktaş qeyd edib ki, sosial media platformaları istifadəçilərin yaşını yoxlamaq üçün öz texnoloji vasitələrindən də istifadə edəcək. Hesabın 15 yaşdan kiçik uşaq tərəfindən idarə olunduğuna dair şübhə yaranarsa, hesab müvəqqəti dayandırıla və istifadəçidən yaşını yenidən təsdiqləməsi tələb oluna bilər.
Nazir uşaqların davamlı reklam təsirindən qorunmasının da yeni qaydaların məqsədlərindən biri olduğunu vurğulayıb. Onun sözlərinə görə, əsas hədəf uşaqlar üçün daha təhlükəsiz rəqəmsal mühit yaratmaqdır.