Menyu

Kamran Bayramov: Azərbaycan Laosla iqtisadi və siyasi əməkdaşlığı genişləndirir

Ayşən Sadıxzadə
Kamran Bayramov: Azərbaycan Laosla iqtisadi və siyasi əməkdaşlığı genişləndirir
3 dəq oxu

Azərbaycan Respublikası müstəqil və çoxvektorlu xarici siyasət kursuna uyğun olaraq Cənub-Şərqi Asiya regionu və ASEAN ölkələri ilə münasibətlərin inkişafına xüsusi önəm verir. Bu çərçivədə Laos Xalq Demokratik Respublikası ilə diplomatik və iqtisadi əlaqələrin möhkəmləndirilməsi, qarşılıqlı investisiya, ticarət və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın genişləndirilməsi xarici siyasətin mühüm istiqamətlərindən biridir.

Bu sözləri Operativ Media-ya deputat Kamran Bayramov deyib. 

O bildirib ki, iki ölkə arasında təşkil olunan yüksək səviyyəli rəsmi səfərlər ikitərəfli münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoymasına geniş imkanlar açır:

“Oktyabrın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitlə geniş tərkibdə görüşü keçirilib. Görüşdə çıxış edən Prezident İlham Əliyev Laos Prezidentini Azərbaycanda salamlayaraq bu səfərin ikitərəfli əlaqələrin gücləndirilməsinə və yeni əməkdaşlıq imkanlarının yaradılmasına xidmət edəcəyini vurğulayıb.

Dövlətimizin başçısı keçirilən təkbətək görüş çərçivəsində siyasi, iqtisadi və qarşılıqlı maraq doğuran digər sahələri əhatə edən geniş gündəliyin müzakirə olunduğunu diqqətə çatdırıb. Geniş tərkibli görüşdə isə nümayəndə heyətlərinin iştirakı ilə tərəflər ticarət dövriyyəsinin artırılması, energetika, təhsil və humanitar sahələrdə potensial əməkdaşlıq imkanlarını ətraflı nəzərdən keçiriblər.

Hazırda iki ölkə arasındakı ticarət dövriyyəsi mövcud potensialdan xeyli aşağıdır. Lakin tərəflərin iqtisadi portfeli və qarşılıqlı maraqları bu göstəriciləri qısa zamanda dəfələrlə artırmağa imkan verir. Dövlət başçısı İlham Əliyev də Laos Prezidenti ilə görüşündə məhz bu məqama toxunaraq bildirmişdir: “Mən bəzi göstəricilərə baxdım, onlar çox kiçikdir, amma böyük potensiala malikdir. Düşünürəm ki, Sizin səfəriniz aramızda olan iqtisadi əməkdaşlığa təkan verəcəkdir. Həmçinin təkbətək görüşdə qeyd etdiyim kimi, biz ölkənizdə praktiki investisiya layihələrini nəzərdən keçirməyə hazırıq.” Ölkə rəhbərinin bu fikirləri bir daha təsdiqləyir ki, Azərbaycan regional iqtisadi mərkəz olmaqla yanaşı, artıq uzaq coğrafiyalarda da kapital qoyuluşu edən və biznes imkanlarını genişləndirən fəal qlobal aktordur. İki ölkənin biznes strukturlarının, eləcə də hökumət nümayəndələrinin bu prosesə cəlb edilməsi yalnız ticarəti canlandırmayacaq, həm də Cənub-Şərqi Asiya bazarında Azərbaycan kapitalının mövqeyini möhkəmləndirəcək. Eyni zamanda, Bakıda təşkil olunan Asiyada Qarşılıqlı Əməkdaşlıq və Etimad Tədbirləri üzrə Məşvərətin (AQEM) Zirvə görüşü ölkəmizin Asiya kontinentində təhlükəsizlik və dialoq arxitekturasının əsas oyunçularından birinə çevrildiyini nümayiş etdirir. Azərbaycanın bu quruma uğurla sədrlik etməsi və Laos dövlət başçısının Bakı Sammitində iştirakı göstərir ki, ikitərəfli diplomatik təmaslar həm də qitələrarası inteqrasiyaya və qlobal sabitliyə xidmət edir. Deputat qeyd edib ki, Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitin Azərbaycan Respublikasına reallaşan rəsmi səfəri və səsləndirdiyi fikirlər iki ölkə arasında 30 ilə yaxındır davam edən diplomatik münasibətlərin artıq keyfiyyətcə yeni müstəviyə keçdiyini göstərir. 1995-ci ildə diplomatik əlaqələrin qurulmasından bəri dövlət başçıları səviyyəsində ilk rəsmi səfər olması bu hadisəni adi diplomatik təmas çərçivəsindən çıxararaq tarixi əhəmiyyətə malik bir mərhələyə çevirir. Laos Prezidentinin çıxışında diqqət çəkən ən mühüm məqamlardan biri onun Azərbaycanla bağlı şəxsi xatirələri və ölkəmizin keçdiyi inkişaf yoluna verdiyi obyektiv qiymətdir. Thonqlun Sisulit nitqində xüsusi olaraq vurğulamışdır: “Bakıda və Azərbaycanda 1982-ci ildə, qırx ildən də çox müddət əvvəl olduğumu nəzərə alaraq və davamlı olaraq ölkənizin inkişaf xəttini müşahidə edən bir şəxs kimi onun sürətli inkişafını və transformasiyasını indi öz gözlərimlə görmək mənə çox böyük təsir bağışlayır.” 

Bu etiraf göstərir ki, Azərbaycanın son onilliklərdə əldə etdiyi sosial-iqtisadi tərəqqi və müasir infrastrukturu təkcə regional deyil, uzaq Cənub-Şərqi Asiya coğrafiyasında da böyük rəğbətlə izlənilir. 44 il əvvəlki Bakı ilə bugünkü Bakı arasındakı miqyaslı fərqin ali qonaq tərəfindən vurğulanması ölkəmizin beynəlxalq nüfuzunun və dövlət modelinin uğurunu bir daha sübut edir. Eyni zamanda, liderlər arasında olan şəxsi dostluq və dialoq mühiti ikitərəfli əlaqələrin dinamikasına birbaşa müsbət təsir göstərir. BRICS+ Sammiti və digər beynəlxalq platformalardakı əvvəlki görüşlər Bakıdakı rəsmi danışıqlar üçün möhkəm zəmin hazırlamışdır. Laos dövlət başçısının qeyd etdiyi kimi, bu tarixi səfər iki ölkə arasındakı ənənəvi dostluq münasibətlərini daha sıx, səmərəli və strateji tərəfdaşlıq mərhələsinə qaldırmaq məqsədi daşıyır. K.Bayramov əlavə edib ki, Laos Prezidentinin bu tarixi ziyarəti iki ölkə arasındakı ənənəvi dostluq münasibətlərini keyfiyyətcə yeni mərhələyə yüksəltməklə yanaşı, Cənub-Şərqi Asiya regionu ilə iqtisadi və siyasi inteqrasiyanı daha da möhkəmləndirir. Bu diplomatik addım Azərbaycanın çoxvektorlu xarici siyasətinin uğurunu və qlobal miqyasda artan strateji çəkisini bir daha nümayiş etdirir”.

Əlaqəli Xəbərlər