Pərvanə Vəliyeva: Azərbaycan-Laos münasibətləri yeni mərhələyə qədəm qoyur
Azərbaycan ilə Laos arasında münasibətlər siyasi dialoqun genişlənməsi və yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi ilə yeni mərhələyə qədəm qoyur.
Operativ Media xəbər verir ki, bunu deputat Pərvanə Vəliyeva Azərbaycan-Laos münasibətlərinin inkişaf perspektivləri ilə bağlı açıqlamasında bildirib.
O qeyd edib ki, iki ölkə arasında diplomatik münasibətlər 22 may 1995-ci ildə qurulub. Ötən üç onillik ərzində qarşılıqlı hörmətə və beynəlxalq hüququn prinsiplərinə əsaslanan dostluq münasibətləri formalaşıb.
Deputatın sözlərinə görə, 2024-cü ildə Kazanda Prezident İlham Əliyev ilə Laos Prezidenti Thonqlun Sisulitin görüşü ikitərəfli əlaqələrin inkişafında mühüm mərhələ olub. Görüşdə iqtisadiyyat, ticarət, investisiya, turizm və kənd təsərrüfatı sahələrində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib. İlham Əliyev iqtisadiyyat, ticarət və enerji sahələrində əməkdaşlıq üzrə işçi qrupunun yaradılmasını, eləcə də hökumət nümayəndə heyətlərinin qarşılıqlı səfərlərini təklif edib.
Pərvanə Vəliyeva bildirib ki, 2025-ci ilin dekabrında Azərbaycan və Laos xarici işlər nazirlikləri arasında ilk siyasi məsləhətləşmələrin keçirilməsi münasibətlərin institusional inkişafına töhfə verib. Məsləhətləşmələr zamanı siyasi, iqtisadi və humanitar əməkdaşlığın genişləndirilməsi, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyət məsələləri müzakirə olunub.
Deputat nəqliyyat və logistika sahələrini də əməkdaşlığın perspektivli istiqamətləri sırasında göstərib. Onun fikrincə, Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərindəki mövqeyi Laos üçün Avropa bazarlarına çıxış imkanları yarada bilər. Laosun qonşu ölkələrlə dəmir yolu bağlantılarının inkişafı və gələcəkdə Trans-Xəzər marşrutuna qoşulmaq imkanları da bu baxımdan əhəmiyyətlidir.
O vurğulayıb ki, Laos Prezidentinin 13 oktyabr 2026-cı ildə Azərbaycana rəsmi səfəri ikitərəfli münasibətlərdə yeni mərhələnin göstəricisidir. Səfər çərçivəsində Birgə Bəyanat qəbul edilib, kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu və xidməti pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında saziş mübadilə olunub.
Pərvanə Vəliyevanın sözlərinə görə, siyasi dialoqla yanaşı, parlamentlərarası əlaqələr, təhsil, ticarət, investisiya, kənd təsərrüfatı, nəqliyyat, logistika və mina fəaliyyəti iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi üçün əsas istiqamətlərdir.
Deputat qeyd edib ki, Azərbaycan-Laos münasibətlərinin inkişafı Azərbaycanın Cənub-Şərqi Asiya ilə əlaqələrinin dərinləşməsi, Laosun isə Qafqaz və Avropa istiqamətində yeni iqtisadi və logistika imkanları əldə etməsi baxımından əhəmiyyət daşıyır.
Onun fikrincə, qarşıdakı mərhələdə əsas məqsəd uzun illər ərzində formalaşmış dostluq münasibətlərini konkret layihələrə, investisiyalara, insanlar arasında əlaqələrə və qarşılıqlı iqtisadi faydaya çevirməkdir.