Menyu

Azərbaycan BMT-ni mina təhlükəsi və itkin düşmüş şəxslər məsələsinə diqqət ayırmağa çağırıb

Operativ Media
Azərbaycan BMT-ni mina təhlükəsi və itkin düşmüş şəxslər məsələsinə diqqət ayırmağa çağırıb
1 dəq oxu

BMT Baş Assambleyasının III komitəsi çərçivəsində BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı ilə interaktiv dialoq zamanı Azərbaycan bütün insan hüquqlarının, o cümlədən mülki, siyasi, iqtisadi, sosial və mədəni hüquqların, eləcə də inkişaf hüququnun – bir-birindən asılı olması və bir-birini qarşılıqlı şəkildə gücləndirməsi barədə qəti inamını ifadə etdi.

Operativ Media xəbər verir ki, bu barədə Azərbaycanın BMT-dəki nümayəndəliyinin məlumatında bildirilib.

Qeyd olunub ki, 44 günlük Vətən müharibəsindən sonrakı dövrdə Azərbaycanın bərpa və yenidənqurma səylərinə geniş yayılmış mina və digər partlayıcı qurğuların mövcudluğu ciddi maneə yaradır. Belə ki, bu təhlükələr mülki əhalinin həlak olmasına və xəsarət almasına səbəb olur.

Bildirilib ki, Birinci Qarabağ müharibəsi nəticəsində itkin düşmüş şəxs kimi qeydiyyata alınan 4 mindən çox insanın taleyi həllini gözləyən ciddi humanitar problem olaraq qalır.

Azərbaycan BMT-nin insan hüquqları mexanizmlərini və BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığını mina təhlükəsi və itkin düşmüş şəxslərlə bağlı, minlərlə insana təsir edən bu ciddi insan hüquqları məsələlərini gündəlikdə yüksək səviyyədə saxlamağa çağırıb.

Həmçinin müvafiq qurumlarla bu məsələlərin lazımi səviyyədə müzakirəyə çıxarılması və onların həlli istiqamətində real əməkdaşlığın təşviq edilməsi vacib sayılıb.

Əlaqəli Xəbərlər