Menyu

Okinavada komendant saatını pozan iki ABŞ hərbçisi saxlanılıb

Operativ Media
Okinavada komendant saatını pozan iki ABŞ hərbçisi saxlanılıb
1 dəq oxu

Yaponiyanın Okinava adasında birgə patrul xidməti aparan ABŞ hərbi polisi və yerli polis komendant saatını pozan iki amerikalı hərbçini saxlayıb.

Operativ Media xəbər verir ki, bu barədə “Kyodo” agentliyi məlumat yayıb.

Hərbçilər gecə saat 00:00-dan səhər saat 05:00-dək ABŞ hərbçilərinin hərbi bazaları tərk etməsinə qadağa qoyulan vaxtda əyləncə məkanlarının yerləşdiyi ərazilərdən birində aşkarlanıblar.

Okinavada oktyabrın 9-dan etibarən ABŞ hərbçilərinə qarşı 30 günlük sərt məhdudiyyətlər tətbiq edilib. Bu müddətdə onlara, o cümlədən spirtli içkilər qəbul etmək qadağan olunub.

Məhdudiyyətlər ABŞ dəniz piyadasının yerli sakinin qətlində və qarətində şübhəli bilinərək saxlanılmasından sonra qüvvəyə minib. Hadisə Okinavanın inzibati mərkəzi olan Naha şəhərində baş verib. Qadının meyiti hotellərdən birində aşkarlanıb. Saxlanılan hərbçi ona qarşı irəli sürülən ittihamları qəbul etmir.

Yaponiyanın Baş naziri Sanae Takaiçi və digər rəsmilər hadisə ilə əlaqədar etirazlarını bildirərək ABŞ hərbi rəhbərliyindən nizam-intizamın gücləndirilməsi və qayda pozuntularının qarşısının alınması üçün tədbirlər görməyi tələb ediblər.

Qeyd edək ki, Okinava Yaponiyanın ərazisinin cəmi 0,6 faizini təşkil etsə də, ABŞ-ın ölkədəki hərbi obyektlərinin ümumi sahəsinin 70 faizindən çoxu bu adada yerləşir. Həmçinin Yaponiyada xidmət edən ABŞ hərbi kontingentinin təxminən 70 faizi Okinavada cəmləşib.

Adada amerikalı hərbçilərin iştirakı ilə insidentlər mütəmadi olaraq baş verir.

Əlaqəli Xəbərlər