Paşinyan: Azərbaycanla sülh sazişi 2031-ci ilədək ratifikasiya olunmalıdır
Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülh sazişinin imzalanmasını və ratifikasiyasını qarşıdakı dövr üçün ən mühüm vəzifəsi hesab etdiyini bildirib.
Operativ Media xəbər verir ki, o, bu barədə Ermənistan hökümətinin iclasında deyib.
Paşinyan bu məqsədə 2031-ci ilədək nail olmağı planlaşdırdığını vurğulayıb.
“Qarşıda duran ən vacib vəzifəmiz, yaxud istəsəniz, şəxsən mənim üçün ən mühüm məsələ Ermənistan və Azərbaycan arasında sülh sazişinin imzalanması və ratifikasiya edilməsidir.
Biz digər gündəlik məsələlərdən ayrıca olaraq bu istiqaməti ön plana çıxarırıq. Mən də özüm qarşıma belə bir məqsəd qoymuşam və konkret olaraq 2031-ci ilədək bu vəzifənin həllinə nail olmağı planlaşdırıram.
Təbii ki, bu, həm də hökumətin və bütövlükdə siyasi komandamızın vəzifəsidir. Lakin Ermənistan Respublikasının baş naziri kimi, şəxsi fəaliyyət gündəliyimdə də bu məsələnin 2031-ci ilədək həllini çox mühüm hesab edirəm.
Bu fikri təsadüfən səsləndirmirəm. Mən bu məqsədə çatmaq üçün real imkanın olduğunu görürəm. Əks halda, bunu müxtəlif platformalarda və formatlarda açıq şəkildə ifadə etməzdim".