Menyu

Deputat: AQEM Azərbaycanın beynəlxalq əməkdaşlıq imkanlarını genişləndirir

Ayşən Sadıxzadə
Deputat: AQEM Azərbaycanın beynəlxalq əməkdaşlıq imkanlarını genişləndirir
2 dəq oxu

Asiya qitəsinin 90 faizini əhatə edən və 28 üzv dövləti bir araya gətirən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən, dayanıqlı inkişafı təşviq etmək məqsədilə üzv ölkələr arasında qarşılıqlı etimadın və əməkdaşlığın möhkəmləndirilməsinə xidmət edən əhəmiyyətli və unikal dialoq platformasıdır. Son iki il ərzində bu təşkilata sədrlik edən Azərbaycan qarşılıqlı etimad quruculuğu tədbirlərinin təmin olunması yolunda qətiyyət və ardıcıllıq nümayiş etdirərək AQEM-in institusional imkanlarının gücləndirilməsi, praktiki birgə fəaliyyətin genişləndirilməsi və təşkilatın beynəlxalq münasibətlər sistemində rolunun daha da artırılması üçün səylərini əsirgəməmişdir.

Bu sözləri Operativ Media-ya deputat Vüqar Rəhimzadə deyib. 

O bildirib ki, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Bakıda keçirilən VII Sammiti Azərbaycana Asiya və Avrasiya məkanında siyasi, iqtisadi və logistik mövqelərini gücləndirmək üçün mühüm imkanlar vəd edir:

“Azərbaycanın təşkilat çərçivəsində təhlükəsiz və səmərəli nəqliyyat dəhlizlərini koordinasiya etməsi Şərq-Qərb və Şimal-Cənub xətləri üzrə tranzit imkanlarını genişləndirir, ölkəni qitələrarası logistik mərkəzə çevirir. AQEM çərçivəsində iştirakı ölkəmizin Asiya dövlətləri ilə münasibətlərinin dərinləşdirilməsi, yeni tərəfdaşlıqların qurulması və beynəlxalq əməkdaşlıq imkanlarının genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu platforma Azərbaycan üçün yalnız siyasi dialoq məkanı deyil, həm də iqtisadi, nəqliyyat, enerji, humanitar və təhlükəsizlik sahələrində qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi üçün əlavə imkanlar yaradır. Azərbaycanın xarici siyasətinin əsas xüsusiyyətlərindən biri müxtəlif regionlarla balanslaşdırılmış münasibətlərin qurulması, milli maraqlara əsaslanan əməkdaşlığın genişləndirilməsi və beynəlxalq müstəvidə qarşılıqlı etimada söykənən tərəfdaşlıqların inkişaf etdirilməsidir. AQEM bu baxımdan Azərbaycanın Asiya ölkələri ilə əlaqələrini sistemli şəkildə inkişaf etdirməsinə, ortaq maraqların müəyyənləşdirilməsinə və regional proseslərdə daha fəal iştirakına şərait yaradır. Azərbaycanın AQEM-ə 2024–2026-cı illər üzrə sədrliyi ölkəmizə Asiya məkanında çoxtərəfli diplomatiyanın inkişafına töhfə vermək və müxtəlif dövlətlər arasında dialoqun gücləndirilməsində daha fəal rol oynamaq imkanı yaradıb.

AQEM-in yaratdığı imkanlardan biri də Asiya ölkələri ilə iqtisadi münasibətlərin dərinləşdirilməsi, yeni investisiya tərəfdaşlarının cəlb olunması və nəqliyyat-logistika əlaqələrinin inkişafıdır. Azərbaycanın coğrafi mövqeyi, Şərq–Qərb nəqliyyat marşrutlarında iştirakı və regional bağlantı imkanları bu əməkdaşlıq üçün əlverişli zəmin yaradır. Xüsusilə Orta Dəhlizin inkişafı, yükdaşımaların artırılması, gömrük və logistika prosedurlarının sadələşdirilməsi, rəqəmsal nəqliyyat həllərinin tətbiqi üzrə əməkdaşlıq həm Azərbaycan, həm də Asiya ölkələri üçün qarşılıqlı fayda verir. Əməkdaşlığın digər mühüm istiqaməti təhsil, elm, mədəniyyət, gənclər siyasəti və rəqəmsal texnologiyalar sahələridir. Universitetlərarası əlaqələrin qurulması, tələbə və mütəxəssis mübadiləsi, birgə elmi layihələr və innovasiya təşəbbüsləri Azərbaycanla Asiya ölkələri arasında uzunmüddətli əlaqələrin möhkəmlənməsinə xidmət edən amillərdəndir.

AQEM çərçivəsində fəal iştirak yeni tərəfdaşlıqların qurulması, Asiya ölkələri ilə ticarət, investisiya və texnologiya sahələrində konkret layihələrin təşviqi, nəqliyyat qovşağı rolunun gücləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. AQEM Azərbaycanın Asiya dövlətləri ilə siyasi, iqtisadi və humanitar əlaqələrini çoxtərəfli platformada inkişaf etdirməsi üçün mühüm siyasi qurumdur. Ölkəmizin bu platformadakı fəallığı beynəlxalq mövqeyinin möhkəmləndirilməsinə, regional əməkdaşlıqda rolunun genişlənməsinə və Asiyada sülh, təhlükəsizlik, etimad və dayanıqlı inkişaf təşəbbüslərinə töhfə verməsinə şərait yaradır”.

Əlaqəli Xəbərlər