Deputat: Azərbaycan beynəlxalq diplomatiyanın mühüm mərkəzinə çevrilir
Azərbaycanda növbəti mötəbər beynəlxalq tədbir keçirilir. Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Toplantısının ölkəmizdə keçirilməsi, dünyanın nüfuzlu ölkələrinin liderlərinin və dövlət başçılarının Azərbaycana səfər etməsi ölkəmizin beynəlxalq münasibətlər sistemində artan rolunun göstəricisidir.
Bu sözləri Operativ Media-ya deputat Tural Gəncəliyev deyib.
O bildirib ki, artıq Azərbaycan beynəlxalq diplomatiyanın mühüm mərkəzlərindən birinə çevrilib:
“Son illər ölkəmizdə keçirilən beynəlxalq tədbirlərin, xüsusilə qlobal siyasətin gündəliyinin formalaşmasına töhfə verən sammit və zirvə toplantılarının sayının artması xüsusi əhəmiyyət daşıyır. Bu baxımdan AQEM-in zirvə toplantısının Azərbaycanda keçirilməsi həm təşkilatın fəaliyyəti, həm də ölkəmizin beynəlxalq mövqeyi baxımından önəmlidir.
Bəs AQEM nə üçün əhəmiyyətlidir və bu mötəbər tədbirin Azərbaycanda keçirilməsi hansı məna daşıyır?
Məlumdur ki, Azərbaycan Avropa ilə Asiyanı birləşdirən unikal coğrafi mövqeyə malikdir. Ölkəmiz beynəlxalq nəqliyyat-kommunikasiya xətlərinin üzərində yerləşməklə iki qitə arasında əlaqələrin inkişafında açar rol oynayır. Bu mövqeyi yalnız coğrafi üstünlük kimi qiymətləndirmək düzgün olmazdı. Azərbaycan, eyni zamanda, Avropa ilə Asiyanın kəsişməsində yerləşən mühüm geosiyasi mərkəzlərdən biridir.
Hazırda Asiya dünya geosiyasətinin əsas mərkəzlərindən birinə çevrilir. Belə bir şəraitdə Asiya ölkələrini bir araya gətirən və qarşılıqlı etimadın gücləndirilməsini hədəfləyən AQEM-in zirvə toplantısının Azərbaycanda keçirilməsi xüsusi əhəmiyyət daşıyır. Bu, ölkəmizin yalnız Avropa İttifaqı, ABŞ və Çinlə münasibətlərində deyil, Asiya ölkələri ilə əməkdaşlıqda da fəal mövqeyə malik olduğunu göstərir.
AQEM geniş coğrafiyanı və çoxsaylı ölkələri əhatə edən beynəlxalq platformadır. Təşkilatın fəaliyyətinin əsas istiqamətlərindən biri Asiyada sülhün, təhlükəsizliyin, sabitliyin və qarşılıqlı etimadın möhkəmləndirilməsidir. Buna görə də bu platformanın sammitinə ev sahibliyi etmək Azərbaycan üçün Asiya ölkələri ilə siyasi dialoqun genişləndirilməsi və beynəlxalq əməkdaşlığın inkişafı baxımından əhəmiyyətlidir.
Bütün bunlar Azərbaycanın beynəlxalq nüfuzunun və qlobal proseslərdə iştirakının artdığını göstərir. Qoşulmama Hərəkatına sədrlik, COP29 kimi beynəlxalq tədbirlərə ev sahibliyi, Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının Azərbaycanda keçirilməsi, Avropa İttifaqı ölkələri ilə strateji əməkdaşlıq, ABŞ, Çin və region dövlətləri ilə münasibətlərin inkişafı, eləcə də Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlıq ölkəmizin xarici siyasətinin müxtəlif istiqamətlərini əhatə edir.
Beləliklə, AQEM-in 7-ci Zirvə Toplantısının Azərbaycanda keçirilməsi ölkəmizin beynəlxalq münasibətlər sistemində tutduğu mövqenin və müxtəlif coğrafiyaları əhatə edən əməkdaşlıq imkanlarının növbəti təzahürüdür. Azərbaycan bu cür platformalar vasitəsilə beynəlxalq dialoqda iştirakını genişləndirir, Avropa ilə Asiya arasında əlaqələrin inkişafına töhfə verir və qlobal məsələlərin müzakirəsində iştirakını davam etdirir”.