Tramp məhkum edilmiş keçmiş hərbçinin edamı ilə bağlı qərarını açıqlayıb
ABŞ Prezidenti Donald Tramp 13 nəfərin öldüyü, 32 nəfərin yaralandığı hücuma görə məhkum edilən keçmiş ordu mayoru Nidal Malik Həsənin edamının canlı yayımlanmayacağını bildirib.
Operativ Media xəbər verir ki, Tramp bu barədə “Truth” sosial şəbəkəsində paylaşım edib.
ABŞ lideri qeyd edib ki, Həsən hücum zamanı 13 nəfəri, o cümlədən hamilə hərbçi qadını və onun bətnindəki körpəni öldürüb, 32 nəfəri isə ağır yaralayıb.
Trampın sözlərinə görə, Federal Təhqiqat Bürosu Barak Obama administrasiyası dövründə Həsənlə radikal din xadimi Ənvər əl-Əvləki arasında aparılan elektron yazışmaları əldə edib. Lakin həmin vaxt bu yazışmalar təhlükə kimi qiymətləndirilməyib. Prezident baş verənləri sonradan ciddi kəşfiyyat uğursuzluğu kimi dəyərləndirib.
Tramp edamın canlı yayımlanmasının terrorçulara qarşı çəkindirici təsir göstərə biləcəyini düşündüyünü, lakin insanların bir qisminin belə görüntüləri izləmək istəmədiyini vurğulayıb.
“Onun edamı planlaşdırıldığı kimi güllələnmə yolu ilə həyata keçiriləcək, lakin canlı yayımlanmayacaq. Bununla belə, qurbanların yaxın ailə üzvləri istədikləri təqdirdə edamı şəxsən izləyə biləcəklər. Onların ədalətin yerini tapmasına şahid olmaq hüququ var”, – deyə ABŞ Prezidenti bildirib.