XİN: AQEM-in Bakı sammiti Asiyada əməkdaşlığın inkişafında mühüm mərhələdir
Azərbaycan XİN Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə toplantısının uğurla başa çatmasının Asiyada regional dialoqun, qarşılıqlı etimadın və əməkdaşlığın inkişafında mühüm mərhələ olduğunu bildirib.
Operativ Media xəbər verir ki, bu barədə X hesabında paylaşım edilib.
Paylaşımda sammitin əsas nəticələri qeyd edilib.
Bunlara Bakı Bəyannaməsinin və Əməyin Təhlükəsizliyi və Sağlamlığı haqqında Bəyanatın qəbul edilməsi, Laosun AQEM-ə tamhüquqlu üzvlüyü, Azərbaycanın 2026–2028-ci illər üçün sədrliyinin uzadılması daxildir.
Həmçinin səfir Sultan Hacıyev 2026–2030-cu illər üçün AQEM-in baş katibi təyin edilib.
XİN Kambocanın AQEM Katibliyinin imtiyazları və immunitetləri haqqında Konvensiyanı ratifikasiya etməsi ilə sənədin qüvvəyə minməsi prosesinin tamamlandığını da vurğulayıb.
Bildirilib ki, sammit Asiyada çoxtərəfli əməkdaşlığa, bağlantıların inkişafına, sülhə və təhlükəsizliyə sadiqliyi bir daha təsdiqləyib.
XİN Azərbaycanın daha dinc və firavan Asiya naminə AQEM-i dialoq, etimadın möhkəmləndirilməsi və birgə fəaliyyət platforması kimi gücləndirmək öhdəliyini davam etdirdiyini qeyd edib.