ABŞ-də məktəbdə atışma olub, 4 nəfər ölüb
ABŞ-nin Bend şəhərində (Oreqon ştatı) ibtidai məktəbdə baş verən atışma nəticəsində üçü uşaq, dörd nəfər həlak olub. Hücum edən şəxs də ölüb.
Operativ Media "Fox News"a istinadən xəbər verir ki, dörd nəfərin ölümü ilə bağlı məlumatı telekanalın federal hüquq-mühafizə orqanlarındakı mənbələri təsdiqləyib.
Atışma ibtidai məktəbdə baş verib. Polisin məlumatına görə, əvvəlcə təhsil müəssisəsinin yaxınlığında avtomobilə atəş açılması barədə məlumat daxil olub, bundan sonra naməlum şəxs binaya daxil olaraq atəş açıb.
Hadisə yerinə gələn polislər hücum edən şəxsi ölü vəziyyətdə tapıblar. Hüquq-mühafizə orqanları onu məhz kimin güllələdiyini araşdırır. Hücum edən şəxsə yaxınlıqdakı insanlardan birinin atəş açması istisna edilmir.
Bundan başqa, iki nəfər xəstəxanaya çatdırılıb. Onların vəziyyəti barədə məlumat hələlik açıqlanmayıb.
Hadisənin araşdırılmasına ABŞ-nin Federal Təhqiqatlar Bürosu (FTB) qoşulub.