Deputat: Azərbaycan AQEM vasitəsilə Asiya ölkələri ilə yeni tərəfdaşlıqlar qura bilər
Azərbaycanın AQEM çərçivəsində iştirakı Asiya ölkələri ilə siyasi dialoqun genişləndirilməsi, iqtisadi tərəfdaşlığın dərinləşdirilməsi və nəqliyyat-logistika imkanlarının inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Müasir dünyada Asiya təkcə qlobal iqtisadiyyatın deyil, həm də beynəlxalq siyasi münasibətlərin əsas mərkəzlərindən biridir.
Bu sözləri Operativ Media-ya deputat Razi Nurullayev deyib.
O bildirib ki, belə bir şəraitdə AQEM Azərbaycan üçün müxtəlif dövlətlərlə birbaşa təmasların genişləndirilməsi, qarşılıqlı etimadın möhkəmləndirilməsi və ortaq maraqlar əsasında yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi üçün əlavə imkanlar yaradır:
“Azərbaycanın Avropa ilə Asiya arasında yerləşməsi, nəqliyyat bağlantıları və regional əməkdaşlıq təcrübəsi bu platformada ölkəmizin rolunu artırmaq üçün əlverişli zəmin formalaşdırır.
İqtisadi baxımdan əsas məqsəd mövcud imkanları konkret layihələrə çevirməkdir. Orta Dəhlizin inkişafı, liman və dəmir yolu infrastrukturunun səmərəliliyinin artırılması, gömrük prosedurlarının sadələşdirilməsi və rəqəmsal nəqliyyat sistemlərinin tətbiqi Asiya ilə Avropa arasında yükdaşımaların genişlənməsinə xidmət edə bilər. Bununla yanaşı, sənaye, kənd təsərrüfatı, enerji, bərpaolunan enerji, rəqəmsal iqtisadiyyat və turizm sahələrində birgə investisiya layihələri üçün imkanlar var. Bunun üçün Asiya ölkələri ilə biznes əlaqələrinin sistemli şəkildə qurulması, investorlara aydın və sabit hüquqi mühitin təqdim edilməsi, birgə biznes forumlarının və ikitərəfli iqtisadi komissiyaların fəaliyyətinin nəticəyönümlü təşkili vacibdir.
Humanitar sahədə isə təhsil, elm, mədəniyyət və gənclər mübadiləsi xalqlar arasında qarşılıqlı anlaşmanı gücləndirə bilər. İnanıram ki, Azərbaycan AQEM çərçivəsində fəal dialoqu, iqtisadi təşəbbüsləri və regional bağlantıları bir araya gətirməklə beynəlxalq mövqeyini möhkəmləndirmək və Asiya ilə Avropa arasında etibarlı əməkdaşlıq tərəfdaşı kimi rolunu genişləndirmək üçün əlavə imkanlar əldə edə bilər. Əsas məsələ bu imkanların bəyanatlarla məhdudlaşmaması, ölçülə bilən iqtisadi nəticələrə və uzunmüddətli tərəfdaşlıqlara çevrilməsidir”.