Menyu

Deputat: İş gününün müddətinin azaldılması istiqamətində düşünməliyik

Operativ Media
Deputat: İş gününün müddətinin azaldılması istiqamətində düşünməliyik
1 dəq oxu

Əmək münasibətlərində iş saatlarından daha çox görülən işin nəticəsinə diqqət yetirilməlidir.

Operativ Media xəbər verir ki, bunu Milli Məclisin aqrar siyasət komitəsinin sədr müavini, deputat Razi Nurullayev parlamentin plenar iclasında çıxışı zamanı deyib.

Deputat Əmək Məcəlləsinə təklif edilən dəyişiklikləri dəstəklədiyini bildirib və əmək münasibətlərində iş gününün müddətinin azaldılması, iş saatları ərzində səmərəliliyin artırılması məsələsinə də toxunub.

O qeyd edib ki, bir çox iş yerlərində əsas diqqət işçinin işə nə vaxt gəlib-getməsinə yönəldilir. Halbuki əsas məsələ işçinin gün ərzində hansı nəticəni əldə etməsidir. Səkkiz saat iş yerində olmaq həmin müddətin hamısında eyni məhsuldarlıqla işləmək demək deyil.

Razi Nurullayevin sözlərinə görə, bəzi xarici şirkətlərdə bir neçə saata görülən iş yerli müəssisələrdə günlərlə uzana bilir. Bu fərqlərin səbəblərini araşdırmağın vacib olduğunu vurğulayan deputat problemin çox vaxt işçinin özündə deyil, işin təşkilində, idarəetmədə və lazımsız bürokratik prosedurlarda olduğunu bildirib.

Deputat hesab edir ki, iş sistemi elə qurulmalıdır ki, insanlar işlərini daha səmərəli təşkil edərək nəticəni daha qısa müddətdə əldə edə bilsinlər. Onun fikrincə, işin xarakteri imkan verdiyi hallarda əməkdaşların işə daha tez gəlib daha tez çıxmasına şərait yaradılmalı, bütün sahələrdə eyni iş rejimi dəyişməz qayda kimi qəbul edilməməlidir.

Razi Nurullayev vurğulayıb ki, məqsəd işin keyfiyyətini və nəticəsini aşağı salmadan insanlara daha çox vaxt qazandırmaqdır. O bildirib ki, işlə şəxsi həyat arasında sağlam tarazlığın yaradılması həm insanların rifahı, həm də əmək məhsuldarlığı baxımından əhəmiyyətlidir.

Deputat əlavə edib ki, bu yanaşma bütün sahələrdə eyni qaydada tətbiq edilə bilməz. Fasiləsiz xidmət və konkret iş saatları tələb edən sahələrlə yanaşı, uyğun sahələrdə çevik iş rejiminin tətbiqi, nəticəyə əsaslanan qiymətləndirmə və iş vaxtından səmərəli istifadə təşviq edilməlidir.

O qeyd edib ki, müasir əmək münasibətlərinin gələcəyi daha çox saat işləməkdə deyil, daha səmərəli işləməkdədir.

Əlaqəli Xəbərlər