Menyu

Deputat: Bakıdan dünyaya ünvanlanan mesajın mahiyyəti ədalət və suverenlikdir

Operativ Media
 Deputat: Bakıdan dünyaya ünvanlanan mesajın mahiyyəti ədalət və suverenlikdir
7 dəq oxu

Bəzən beynəlxalq tribunadan səslənən bir çıxış bütöv bir xalqın tarixi yaddaşını, siyasi iradəsini və gələcəyə baxışını ifadə edir. Prezident İlham Əliyevin oktyabrın 15-də Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşündəki çıxışı da məhz belə məzmun daşıyırdı.

Bu sözləri Operativ Media-ya deputat Elnarə Akimova deyib. 

O bildirib ki, Dövlət başçısı Azərbaycanın keçdiyi mürəkkəb tarixi yolu, beynəlxalq münasibətlərdə üzləşdiyi ikili standartları, ərazi bütövlüyünün bərpası uğrunda mübarizəsini və regionda davamlı sülhün təmin olunmasına münasibətini aydın, qətiyyətli və prinsipial şəkildə ortaya qoydu. Bu çıxışın əsas qayəsi sadə, lakin mühüm həqiqətə söykənirdi: beynəlxalq hüquq yalnız sənədlərdə qalan müddəalar toplusu olmamalı, bütün dövlətlərə eyni ölçü ilə tətbiq edilməlidir:

“Azərbaycan coğrafi baxımdan Asiya ilə Avropanın qovuşuğunda yerləşir. Lakin ölkəmizin əhəmiyyəti yalnız coğrafi mövqeyi ilə ölçülmür. Şərqlə Qərb arasında nəqliyyat və enerji əlaqələrinin inkişafı, müxtəlif dövlətlərlə qurulan siyasi və iqtisadi münasibətlər, beynəlxalq əməkdaşlıq təşəbbüsləri Azərbaycanı Avrasiya məkanında mühüm birləşdirici mərkəzə çevirir. Bu mövqe ölkəmizin xarici siyasətinə də xüsusi məsuliyyət qazandırır. Azərbaycan dövlətlərin bərabərhüquqluluğunu, suverenliyini, ərazi bütövlüyünü və daxili işlərinə qarışmamaq prinsipini müdafiə edir. Çünki təhlükəsizliyin və etimadın möhkəmlənməsi üçün ilk növbədə dövlətlərin hüquqlarına hörmət edilməlidir. Prezident İlham Əliyevin çıxışında xüsusi vurğulanan məsələlərdən biri beynəlxalq münasibətlərdə ikili standartların yaratdığı təhlükələr idi. 

Azərbaycan müstəqilliyini bərpa etdiyi 35 il ərzində bu yanaşmanın ağır nəticələri ilə üzləşib. Ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazisinin təqribən 20 faizi Ermənistanın işğalı altında qalıb, bir milyona yaxın azərbaycanlı öz doğma yurdlarından didərgin salınıb. Qarabağ və Şərqi Zəngəzurla yanaşı, indiki Ermənistan ərazisində tarixən yaşamış azərbaycanlıların da zorla qovulması xalqımıza vurulmuş ağır zərbələrdəndir. Bu hadisələr yalnız ərazi münaqişəsi deyil, insanların fundamental hüquqlarının pozulması, evindən, torpağından və normal həyat şəraitindən məhrum edilməsi idi. Beynəlxalq hüququn bu qədər açıq şəkildə pozulmasına baxmayaraq, ədalətin bərpası uzun illər mümkün olmadı. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi dörd qətnamə Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmasını tələb etsə də, həmin sənədlərin icrası təmin edilmədi. Münaqişənin həlli üçün yaradılmış ATƏT-in Minsk qrupunun fəaliyyəti də nəticə vermədi. Diplomatik danışıqlar uzandıqca işğalın yaratdığı reallıqlar möhkəmlənir, qaçqın və məcburi köçkünlərin doğma yurdlarına qayıdışı təxirə salınırdı. Beləliklə, sülhə xidmət etməli olan beynəlxalq mexanizmlərin təsirsizliyi problemin həllini gecikdirən amillərdən birinə çevrildi. Bu mənzərədə əsas sual yaranırdı: beynəlxalq hüquq nə üçün qəbul olunur, əgər onun tələblərinin icrası üçün təsirli mexanizmlər yoxdursa? Prezident İlham Əliyevin çıxışı məhz bu suala cavab verən siyasi mövqe ortaya qoydu. Dövlət başçısının fikirlərinin mahiyyəti ondan ibarət idi ki, beynəlxalq təşkilatların qərarları yalnız kağız üzərində qalanda təcavüzkar cəzasızlıq hissinə qapılır, zərərçəkən tərəfin isə ədalətə inamı sarsılır. Bu yanaşma yalnız Azərbaycan məsələsinə aid deyil. Dünyanın müxtəlif bölgələrində münaqişələrin davam etməsinin səbəblərindən biri də beynəlxalq hüququn seçici şəkildə tətbiq olunmasıdır. 

Ermənistanın keçmiş və indiki rəhbərliyinin siyasəti də bu tarixi prosesin mühüm hissəsidir. Prezident İlham Əliyev xatırlatdı ki, 2019-cu ildə Ermənistanın baş naziri Nikol Paşinyan işğal altında olan Xankəndidə “Qarabağ Ermənistandır və nöqtə” bəyanatı ilə çıxış etmiş, Ermənistanın müdafiə naziri isə yeni ərazilər uğrunda yeni müharibə təhdidi səsləndirmişdi. Belə bəyanatlar sülhə xidmət etmirdi, əksinə, münaqişənin dərinləşməsinə və yeni qarşıdurma riskinin artmasına şərait yaradırdı. İşğalın davam etdirilməsi, Azərbaycan xalqının tarixi və dini irsinə qarşı törədilən vandalizm aktları, mülki əhaliyə vurulan zərər beynəlxalq səviyyədə adekvat siyasi qiymət almadıqca, regionda ədalətli həllə nail olmaq daha da çətinləşirdi. 2020-ci ilin Vətən müharibəsi həmin uzunmüddətli ədalətsizliyin və nəticəsiz diplomatiyanın yaratdığı tarixi şəraitdə baş verdi. 

Azərbaycan üçün müharibə arzu olunan seçim deyildi. Ölkəmiz illərlə münaqişənin danışıqlar yolu ilə həllinə çalışdı, beynəlxalq vasitəçilərin səylərinə imkan verdi. Lakin işğalın davam etməsi, hərbi təxribatlar və Ermənistan rəhbərliyinin revanşist bəyanatları sülh imkanlarını zəiflətdi. Nəticədə Azərbaycan öz ərazi bütövlüyünü bərpa etmək üçün hərbi gücə müraciət etməyə məcbur qaldı. Qırx dörd gün davam edən Vətən müharibəsi Azərbaycan tarixində yeni mərhələnin başlanğıcı oldu. Ordumuz döyüş meydanında yüksək hazırlığını, peşəkarlığını və fədakarlığını nümayiş etdirərək 300-dən çox yaşayış məntəqəsini azad etdi. 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanat hərbi əməliyyatları dayandırdı və işğal altındakı bir sıra ərazilərin Azərbaycana qaytarılmasını təmin etdi. Lakin ölkənin suverenliyinin tam bərpası üçün qarşıda hələ mühüm vəzifələr qalırdı. Azərbaycan üç il ərzində bu məsələnin sülh yolu ilə həllinə çalışdı. Bununla belə, Ermənistanın hərbi potensialını bərpa etməsi və regionda yeni qarşıdurma riskinin yaranması vəziyyəti mürəkkəbləşdirirdi. 2023-cü ilin sentyabrında Azərbaycan Ordusunun həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində Qarabağda separatizmin hərbi dayaqlarına son qoyuldu. Bir sutkadan da az davam edən əməliyyatlar Azərbaycanın bütün ərazisində suverenliyinin bərpası ilə nəticələndi. Bununla dövlətimizin konstitusion quruluşu və ərazi bütövlüyü tam təmin olundu.

Prezident İlham Əliyevin AQEM tribunasından səsləndirdiyi fikirlərdə bu qələbənin siyasi və mənəvi tərəfi də xüsusi yer tuturdu. Azərbaycan işğala son qoydu, lakin müharibədən sonrakı davranışında məğlub tərəfə qarşı qisasçılıq siyasəti yürütmədi. Dövlət başçısının vurğuladığı kimi, Azərbaycan xalqı ona yaşadılan faciələrə, dağıdılmış şəhər və kəndlərə, çəkilən əzablara baxmayaraq, qarşı tərəfin səviyyəsinə enmədi və sülh təklif etdi. Bu mövqe xalqımızın tarixi yaddaşını, milli ləyaqətini və dövlətçilik mədəniyyətini ifadə edir. Qələbənin böyüklüyü yalnız döyüş meydanında əldə edilən nəticələrlə deyil, həmin qələbədən sonra nümayiş etdirilən siyasi məsuliyyətlə də ölçülür.

Çıxışın diqqətçəkən məqamlarından biri müharibə cinayətlərinə görə məsuliyyət məsələsi idi. Prezident İlham Əliyev Qarabağda separatçı qurumun rəhbərlərinin və digər təqsirləndirilən şəxslərin Azərbaycan məhkəməsi qarşısına çıxarılmasını hüquqi məsuliyyətin təmin edilməsi baxımından təqdim etdi. Dövlətin suveren ərazisində törədilmiş cinayətlərə hüquqi qiymət verilməsi beynəlxalq hüququn əsas prinsipləri ilə bağlı məsələdir. Burada mühüm məqam ondan ibarətdir ki, müharibənin nəticələri təkcə hərbi və siyasi müstəvidə deyil, hüquqi müstəvidə də öz əksini tapmalıdır. Eyni zamanda, hər bir məhkəmə prosesi qanunun tələblərinə, sübutlara və ədalətli məhkəmə prinsiplərinə uyğun aparılmalıdır. Prezidentin çıxışında səslənən fikirlərdən biri də beynəlxalq qərarların icrasını təmin edən mexanizmlərin yaradılmasının vacibliyi idi. Bu, Azərbaycanın öz təcrübəsindən çıxardığı mühüm nəticədir. Əgər təcavüzkar dövlət beynəlxalq qərarları yerinə yetirmədikdə real nəticələrlə üzləşmirsə, hüququn nüfuzu zəifləyir. Əgər bir ölkənin ərazi bütövlüyü pozulanda beynəlxalq təşkilatlar yalnız bəyanatlarla kifayətlənirsə, digər dövlətlər də oxşar addımlar atmağa həvəslənə bilər. Belə şəraitdə beynəlxalq təhlükəsizlik sistemi öz məqsədindən uzaqlaşır. Deməli, sülhün qorunması üçün təkcə diplomatik çağırışlar deyil, hüquqi öhdəliklərin icrasını təmin edən ardıcıl və ədalətli mexanizmlər də lazımdır. Azərbaycanın müharibədən sonra sülhə üstünlük verməsi onun xarici siyasətinin əsas xəttini müəyyənləşdirir. Ölkəmiz artıq ərazi bütövlüyünü və suverenliyini bərpa edib, indi isə regionda sabitliyin möhkəmlənməsində maraqlıdır. Bununla belə, sülh öz-özünə qorunmur. O, qarşılıqlı etimad, beynəlxalq öhdəliklərə hörmət, təxribatlardan çəkinmək və gələcəyə məsuliyyətlə yanaşmaq tələb edir. Prezident İlham Əliyevin çıxışında sülhün kövrəkliyinə diqqət çəkilməsi də bu baxımdan mühüm mesaj idi. Keçmişin ağır təcrübəsi göstərir ki, təhdidlərə və revanşizmə göz yummaq sabitliyi möhkəmləndirmir, əksinə, onu təhlükə altına qoyur. AQEM-in 7-ci Zirvə Görüşü Azərbaycanın beynəlxalq münasibətlər sistemində tutduğu mövqeyi nümayiş etdirmək baxımından da əlamətdar idi. Ölkəmiz təşkilata iki il ərzində sədrlik etdiyi müddətdə nəqliyyat və bağlantılar, rəqəmsallaşma, ətraf mühitin mühafizəsi, turizm, təhsil, elm və digər sahələrdə əməkdaşlığın inkişafına diqqət yetirib. Üzv dövlətlərin dəstəyi ilə həyata keçirilən təşəbbüslər AQEM-in institusional və hüquqi imkanlarının güclənməsinə, üzvlərinin sayının artmasına və dialoq üçün daha geniş şəraitin yaranmasına töhfə verib. Bu fəaliyyət Azərbaycanın beynəlxalq platformalarda yalnız öz milli maraqlarını müdafiə etmədiyini, eyni zamanda, ortaq problemlərin həlli və əməkdaşlığın inkişafı üçün də təşəbbüslər irəli sürdüyünü göstərir. Azərbaycanın yerləşdiyi coğrafiya ölkəmizə həm imkanlar, həm də məsuliyyət verir. Avropa ilə Asiyanı birləşdirən nəqliyyat dəhlizləri, enerji marşrutları, iqtisadi əlaqələr və diplomatik təşəbbüslər region ölkələrinin qarşılıqlı asılılığını artırır. Bu əlaqələrdən səmərəli istifadə etmək üçün isə təhlükəsizlik, etimad və suverenliyə hörmət əsas şərtlərdir. Məhz buna görə AQEM kimi platformaların güclənməsi, dövlətlər arasında dialoqun genişlənməsi və fikir ayrılıqlarının siyasi vasitələrlə həlli böyük əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin Bakıdan dünyaya ünvanladığı mesajın mahiyyəti Azərbaycanın tarixi təcrübəsi ilə beynəlxalq münasibətlərə dair prinsipial mövqeyinin birləşməsindədir. Azərbaycan öz haqqını bərpa etmək üçün uzun illər gözlədi, diplomatik yolları sınadı, nəhayət, hərbi gücü ilə ərazi bütövlüyünü təmin etdi. İndi isə əldə etdiyi qələbəni sülh, bərpa və regional əməkdaşlıqla möhkəmləndirməyə çalışır. Bu yolun əsas dayaqları dövlət suverenliyi, milli iradə, beynəlxalq hüquqa hörmət və ədalət prinsipidir. Tarix göstərir ki, davamlı sülh yalnız güclünün iradəsi ilə deyil, hüququn hamı üçün eyni işləməsi ilə mümkündür. Azərbaycan təcrübəsi beynəlxalq ictimaiyyətə bir daha xatırladır: işğalın nəticələrini dondurmaq sülh yaratmır, ədalətin bərpasını gecikdirmək isə münaqişəni həll etmir. Həqiqi sülhün yolu suverenliyə hörmətdən, məsuliyyətdən və qarşılıqlı etimaddan keçir. Bakıdan səslənən mesajın gücü də məhz bundadır — Azərbaycan öz tarixini və haqqını müdafiə etməklə yanaşı, regionun gələcəyini sabitlik, əməkdaşlıq və davamlı sülh üzərində qurmağa hazırdır”.

Əlaqəli Xəbərlər