TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
"Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" (TƏBİB) publik hüquqi şəxs Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyinə verilib.
Operativ Media xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Fərman imzalayıb.
Fərmana əsasən, TƏBİB-in fəaliyyətinə cari rəhbərliyi Səhiyyə Nazirliyi tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən sədr və onun 4 müavinindən ibarət İdarə Heyəti həyata keçirəcək.
Sənədlə TƏBİB-in nizamnaməsinin təsdiqi, nizamnamə fondunun miqdarının müəyyənləşdirilməsi, idarəetmə organlarının yaradılması, yenidən təşkili və ləğvi səlahiyyətləri dövlət başçısına həvalə olunub. Səhiyyə Nazirliyi isə təsisçinin digər qanunla müəyyən edilmiş səlahiyyətlərini icra edəcək.
TƏBİB "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Qanuna uyğun olaraq dövlət qeydiyyatına alındığı günədək mövcud publik hüquqi şəxs fəaliyyətini sürdürəcək və onun Müşahidə Şurasının səlahiyyətlərini nazirliyin yaradacağı komissiya həyata keçirəcək.
Səhiyyə Nazirliyi TƏBİB dövlət qeydiyyatına alındığı gündən bir ay müddətində mövcud əmlakın onun balansına verilməsini təmin etməlidir. Nazirlər Kabineti isə üç ay müddətində TƏBİB-in nizamnamə layihəsi və normativ hüquqi aktların təkmilləşdirilməsi ilə bağlı təkliflərini hazırlayıb Prezidentə təqdim etməlidir.