Sadır Japarov Sahibə Qafarovanı qəbul edib - YENİLƏNİB
Milli Məclisin sədri Sahibə Qafarova Qırğız Respublikasına rəsmi səfəri çərçivəsində bu ölkənin Prezidenti Sadır Japarov ilə görüşüb.
Operativ Media xəbər verir ki, bu barədə Milli Məclis məlumat yayıb.
Görüş zamanı Qırğızıstan-Azərbaycan əməkdaşlığının müxtəlif istiqamətlərdə, o cümlədən ticarət-iqtisadi, investisiya, energetika və nəqliyyat sahələrində gələcək inkişaf perspektivləri müzakirə olunub.
Prezident Sadır Japarov Qırğızıstan və Azərbaycan arasında müttəfiqlik münasibətlərinin xüsusi xarakter daşıdığını vurğulayaraq, əldə olunmuş razılaşmaların, o cümlədən Azərbaycan Prezidenti İlham Əliyevin cari ilin iyul ayında Qırğızıstana dövlət səfəri zamanı imzalanmış Müttəfiqlik münasibətləri haqqında Müqavilənin ölkələr arasında əlaqələrin gələcək inkişafı baxımından əhəmiyyətini qeyd edib.
Öz növbəsində, Sahibə Qafarova Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını və ən xoş arzularını Prezident Sadır Japarova çatdırıb.
Milli Məclisin sədri ikitərəfli münasibətlərin, o cümlədən parlamentlərarası əlaqələrin dinamik inkişaf etdiyini qeyd edərək, iki ölkə arasında əməkdaşlığın daha da möhkəmləndirilməsinin əhəmiyyətini vurğulayıb.
***
13:59
Qırğızıstan Prezident Sadır Japarov Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarovanı qəbul edib.
Operativ Media xəbər verir ki, bu barədə Qırğız mediası məlumat yayıb.
Görüşdə Qırğızıstan-Azərbaycan əməkdaşlığının ticarət-iqtisadi, investisiya, enerji və nəqliyyat sahələrində daha da inkişaf etdirilməsi perspektivləri müzakirə edilib.
Milli Məclisin sədri ikitərəfli münasibətlərin, o cümlədən parlamentlərarası əməkdaşlığın dinamik inkişafını qeyd edib və iki ölkə arasında tərəfdaşlığın daha da gücləndirilməsinin vacibliyini vurğulayıb.
