Azərbaycan və Gürcüstan voleybol federasiyaları əməkdaşlığı müzakirə edib
Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidenti Şahin Bağırov Gürcüstan Voleybol Federasiyasının (GVF) prezidenti David Tevzadze ilə görüşüb.
Operativ Media xəbər verir ki, bu barədə Azərbaycan Voleybol Federasiyası məlumat verib.
Məlumata görə, Tovuz Olimpiya İdman Kompleksində baş tutan tədbirdə AVF-nin vitse-prezidentləri Faiq Qarayev və Bəhruz Quliyev, baş katibi Faiq Orucov, idman şöbəsinin direktoru Şir-Aslan Kərimov, “Turan” voleybol klubunun prezidenti Fəlah Quliyev, GVF-nin baş katibi Ivane Şeklaşvili, inkişaf koordinatoru Andrey Lefçinko, milli komandanın baş məşqçisi Pata Ulumbulaşvili iştirak ediblər.
Görüşdə federasiyalar arasında əməkdaşlığın mövcud vəziyyəti və gələcək inkişaf perspektivləri müzakirə olunub. Federasiya rəhbərləri öz ölkələrində voleybolun inkişafı, xüsusilə uşaq voleybolu ilə bağlı görülən işlərdən danışıblar. Onlar “Turan” klubuna Çempionlar Liqasında uğurlar arzulayıblar.
Həmçinin, tədbirdə 2024-cü ildə AVF və GVF arasında imzalanmış əməkdaşlıq memorandumunun müddəalarının icrası ilə bağlı müzakirələr aparılıb.
Görüşdən sonra hər iki federasiya rəhbərliyi Tovuzun “Turan” klubunun Çempionlar Liqasının II təsnifat mərhələsi çərçivəsində Xorvatiya təmsilçisi “Mladost”la qarşılaşmasını (3:0) arenada canlı izləyiblər.