Rəcəb Tayyib Ərdoğan və İlham Əliyev ikitərəfli münasibətləri müzakirə ediblər - YENİLƏNİB
Oktyabrın 21-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Operativ Media xəbər verir ki, telefon danışığı zamanı dövlət başçıları Azərbaycan-Türkiyə ikitərəfli münasibətlərini, regional və qlobal məsələləri müzakirə ediblər.
Prezident Rəcəb Tayyib Ərdoğan Azərbaycan ilə Türkiyə arasında qardaşlıq münasibətlərinə əsaslanan əməkdaşlığın bundan sonra da daha yüksək səviyyəyə qalxacağına əminliyini ifadə edib.
Türkiyə Prezidenti Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümü münasibətilə təbriklərini bir daha çatdırıb və Prezident İlham Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının 13-cü Zirvə Görüşünə dəvət edib.
Prezident İlham Əliyev telefon zənginə, Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümü münasibətilə təbriklərinə görə Prezident Rəcəb Tayyib Ərdoğana təşəkkürünü bildirib.
Dövlətimizin başçısı öz növbəsində Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinin bundan sonra da uğurla inkişaf edəcəyinə əminliyini ifadə edib.
***
19:37
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışığı aparıb.
Operativ Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, danışıq zamanı Türkiyə ilə Azərbaycan arasında ikitərəfli münasibətlər, eləcə də regional və qlobal məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Rəcəb Tayyib Ərdoğan Türkiyə və Azərbaycanın qardaşlıq münasibətlərindən güc alaraq əməkdaşlığı daha yüksək səviyyəyə çatdıracağını bildirib.
Türkiyə Prezidenti Azərbaycan liderini Ankarada keçiriləcək TDT Zirvəsinə dəvət edib.