Məsut Özil FİFA-nı Rusiya komandalarına qoyulan qadağanı ləğv etməyə çağırıb
Almaniya millisinin sabiq yarımmüdafiəçisi Məsut Özil FİFA-nı ikili standartlara son qoymağa və Rusiya komandalarının beynəlxalq turnirlərdə iştirakına icazə verməyə çağırıb.
Operativ Media xəbər verir ki, oktyabrın 21-də Özil İstanbulda “Zenit” və “İstanbul Başakşehir” klublarının veteranları arasında keçirilən yoldaşlıq oyununu (2:3) izləyib.
O, “İstanbul Başakşehir” klubunun yaydığı videoda FİFA-nın mövqeyini tənqid edib və bütün ölkələrin komandalarına eyni yanaşmanın tətbiq olunmasını istəyib.
“İdman ictimaiyyəti həmişə insanları birləşdirib. FİFA İsrail komandalarına qadağa tətbiq etməyib, lakin Rusiya komandalarına qarşı belə bir addım atıb. Buradan FİFA-ya müraciət edirəm: ikili standartları kənara qoysunlar və hamıya eyni münasibət göstərsinlər”, – deyə Özil bildirib.
Qeyd edək ki, 2022-ci ilin fevralında FİFA və UEFA Rusiya milli komandalarını və klublarını təşkilatların himayəsi altında keçirilən yarışlardan kənarlaşdırıb. Həmin ilin iyununda isə FİFA Rusiyanın 15 yaşadək oğlan və qızlardan ibarət yığmalarının 2026-cı il dünya çempionatında iştirakına icazə verib.