Qitələrarası Kubokun finalının keçiriləcəyi stadion müəyyənləşib
FİFA Qitələrarası Kubokunun 2026-cı il üzrə finalı dekabrın 16-da Qətərin Ər-Rayyan şəhərində yerləşən “Əhməd bin Əli” stadionunda keçiriləcək.
Operativ Media xəbər verir ki, bu barədə PSJ klubunun rəsmi saytı məlumat yayıb.
Həlledici qarşılaşmada hazırkı titul sahibi PSJ Çağırış Kubokunun qalibi ilə üz-üzə gələcək. Bu turnirdə Meksikanın “Toluka” klubu (KONKAKAF Çempionlar Kubokunun qalibi), Cənubi Afrika təmsilçisi “Mamelodi Sandaunz” (Afrika çempionu), eləcə də 2026-cı il Libertadores Kubokunun qalibi iştirak edəcək.
Yarımfinal oyunları dekabrın 9-da və 12-də Dohadakı “Cassim bin Həməd” stadionunda təşkil olunacaq.
Qətər ardıcıl üçüncü ildir turnirin finalına ev sahibliyi edəcək. 2024-cü ildə “Real Madrid”, 2025-ci ildə isə PSJ kuboku qazanıb. Paris təmsilçisi ötənilki finalda “Flamenqo”nu əsas və əlavə vaxtı 1:1 hesabı ilə başa çatan oyundan sonra penaltilər seriyasında 2:1 hesabı ilə məğlub edib.