Bolqarıstanda prezident seçkilərinin taleyi ikinci tura qalıb
Bolqarıstanda keçirilən növbəti prezident seçkilərində İliyana Yotova ilk turda ən çox səs toplayıb. Lakin o, prezident seçilmək üçün tələb olunan nəticəni əldə edə bilmədiyindən seçkilərin ikinci turu keçiriləcək.
Operativ Media xəbər verir ki, Bolqarıstan Milli Televiziyasının efirində təqdim olunan “Alpha Research” və “Myara” sosioloji agentliklərinin seçki məntəqələrindən çıxan seçicilər arasında keçirdiyi sorğuların nəticələrinə əsasən, Yotova səslərin 35,3 faizini qazanıb.
Müxalifətin dəstəklədiyi, texniki hökumətin keçmiş baş naziri Andrey Gürov isə seçicilərin təxminən 32 faizinin səsini alıb. Beləliklə, hər iki namizəd noyabrın 1-də keçiriləcək ikinci turda mübarizə aparacaq.
“Dirçəliş” siyasi partiyasının namizədi Kostadin Kostadinov isə təxminən 13 faiz səslə üçüncü yerdə qərarlaşıb.
Seçkilərin diqqətçəkən məqamlarından biri seçici fəallığının rekord həddə aşağı düşməsi olub. Sorğulara görə, səsvermə hüququ olan vətəndaşların təxminən 22,3 faizi seçkilərdə iştirak edib.
Bununla da Bolqarıstanda prezident seçkilərində seçici fəallığı üzrə antirekord qeydə alınıb. Əvvəlki ən aşağı göstərici 2007-ci ilin mayında müşahidə olunub. Həmin vaxt seçicilərin 28,6 faizi səsverməyə qatılıb.