http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi yeni avadanlıqlar alıb

03 May 2023 , 10:19
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi yeni avadanlıqlar alıb

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən dövlət tibb müəssisələrinin anesteziologiya, reanimasiya və intensiv terapiya şöbələrinin təchizat səviyyələrini yüksəltmək, aparılan müalicəvi tədbirlərin effektivliyini və keyfiyyətini artırmaq məqsədilə yeni avadanlıqlar alınıb.

Agentlikdən "Operativ Media"ya bildirilib ki, cari il ərzində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki dövlət tibb müəssisələrinə təhvil verilməsi nəzərdə tutulan avadanlıqlar stasionar şəraitdə və təcili tibbi yardım çağırışları zamanı tibbi xidmətlərin göstərilməsi üçün istifadə olunacaq.

Pasiyentin təcili tibbi yardım avtomobili ilə daşınması, əməliyyat və reanimasiya zamanı bir çox parametrlər üzrə həyat göstəricilərini daim nəzarətdə saxlamaq üçün müxtəlif tipli 200 ədəd kardiomonitor alınıb. Bunlardan 160-ı reanimasiya, 20-si əməliyyatxana, 20-si isə nəqliyyat vasitələri üçün nəzərdə tutulub.

Kardiomonitorlar pasiyentin invaziv və qeyri-invaziv üsulla hemodinamik göstəricilərini (elektrokardioqramma, arterial təzyiq, nəbz, qanda oksigenin səviyyəsi (saturasiya), nəfəsvermənin sonunda karbon qazının miqdarı, bədən hərarəti haqqında məlumat almağa imkan verir. Bu monitorlar vasitəsilə aparılan dinamik və daimi müşahidə pasiyentin vəziyyətində baş verə biləcək ağırlaşmaların qarşısını dərhal almağa xidmət edir.

Reanimasiya, intensiv terapiya və stasionar şöbələrdə müalicə alan xəstələrə dərman vasitələrinin uyğun dozada və sürətdə yeridilməsi üçün 100 ədəd infuzomat alınıb. Əl ilə icra olunan venadaxili infuziyalardan fərqli olaraq infuzomatla icra edilən venadaxili infuziyalarda pasiyentin göstəricilərindən asılı olaraq həkim təyinatına əsasən məhlulun venaya yeridilməsini müxtəlif parametrlər (zaman, axın sürəti, damcı sayına görə) üzrə tənzimləmək mümkündür. Cihazlarda məhlulun köçürülmə sürətini 0.1 ml/saatdan 1500 ml/saatadək tənzimləmək olur. Nəzərdə tutulan infuzomatlarla həm damcı, həm də sızma üsulu ilə venadaxili infuziyaları icra etmək mümkündür. Bu isə cihazları böyüklərlə yanaşı, uşaqlara da, xüsusən yenidoğulmuşlara uyğun rejimdə venadaxili infuziyanın yeridilməsi üçün münasib edir.

Ürək-ağciyər reanimasiya tədbirlərinin həyata keçirilməsi üçün 60 ədəd defibrilyator cihazı alınıb. Bu cihazla həyatı təhlükəsi olan pasiyentlərdə ürək ritminin pozulması hallarında ürəyin fəaliyyətini bərpa etmək mümkündür. Defibrilyatorlar reanimasiya və intensiv terapiya şöbələrində, həmçinin təcili tibbi yardım avtomobillərində istifadə üçün nəzərdə tutulub. Tibbi cihazdan ürək əzələsinin yığılması zamanı təxirəsalınmaz reanimasiya tədbirləri tələb edən hallarda (kardioversiya və defibrilyasiya məqsədilə) istifadə olunur.

Defibrilyatorların kompakt ölçüdə və yüngül çəkidə olması daşınmasını asanlaşdırır. Çoxfunksiyalılığı ilə seçilən cihaz manual, avtomatik, sinxron və monitor rejimlərdə çalışır. Monitor rejimdə cihazdan elektrokardioqrafiya (EKQ) müayinəsi üçün saturasiya və digər həyat üçün vacib hemodinamik göstəriciləri ölçmək mümkündür. Cihazlar daxili printer, batareya, 18 sm ölçülü ekranla təchiz olunub.

Cərrahi əməliyyatlarda ümumi anesteziya üçün 15 ədəd anesteziya aparatı alınıb. Çoxsaylı ventilyasiya rejimlərinə malik aparatlar anestetik preparatlar üçün konteynerlər, oksigen və azot oksid balonları ilə bir yerdə alınıb.

İntensiv terapiya şöbələrində və təcili tibbi yardım avtomobillərində pasiyentləri fasiləsiz oksigenlə təmin etmək üçün 25 ədəd süni tənəffüs aparatı alınıb. Ağciyərlərin süni ventilyasiyası üçün nəzərdə tutulan cihazlardan 5-i maqnit dalğalarına davamlığı ilə seçilir. Bu da vəziyyəti ağır olan pasiyentlərin süni tənəffüs aparatına qoşulu vəziyyətdə MRT müayinəsindən keçməsinə imkan yaradır. MRT müayinəsi zamanı keyfiyyətli respirator dəstəyinin təmin edilməsi ağciyərdə əmələ gələ biləcək ağırlaşma riskinin azaldılmasına və müalicə prosesinin yaxşılaşdırılmasına xidmət edir.

Bundan başqa cərrahi əməliyyatlar və reanimasiya tədbirləri zamanı bədən boşluğundan və ya əməliyyat sahəsindən mayenin və möhtəviyyatın sorulması üçün 25 ədəd daşınan və stasionar tipli sorucu aspiratorlar alınıb. Stasionar tipli aspiratorlar-700 mmHg vakum gücünə və 60 lt/dəq. axın sürətinə malikdir. Aspiratorların minimal vibrasiya və səsli çalışması həm tibb işçilərinin, həm də pasiyentlərin rahatlığına xidmət edir.

Bildirilib ki, agentlik tərəfindən 2022-ci ildə ümumilikdə 108 adda 1768 sayda avadanlıq, cihaz, alət və ləvazimat alınıb. Bunlar dövlət tibb müəssisələrində ambulator və stasionar şəraitdə tibbi xidmətlərin göstərilməsi üçün istifadə olunacaq. Tibb müəssisələrinin dünyanın aparıcı şirkətlərinin istehsalı olan müasir avadanlıqlarla təchizatı vətəndaşların icbari tibbi sığorta hesabına vaxtında və keyfiyyətli müalicə ilə təmin olunması məqsədini daşıyır.

OXŞAR XƏBƏRLƏR
Özbəkistanla Azərbaycanın xəstəxana idarəolunması modeli üzrə əməkdaşlıq ediləcək

Özbəkistanla Azərbaycanın xəstəxana idarəolunması modeli üzrə əməkdaşlıq ediləcək

İlk dəfə dövlət xəstəxanasında epilepsiya xəstəsi üzərində ağır cərrahi əməliyyat icra olunub

İlk dəfə dövlət xəstəxanasında epilepsiya xəstəsi üzərində ağır cərrahi əməliyyat icra olunub

Azərbaycanla Özbəkistan arasında icbari tibbi sığorta sahəsində əməkdaşlıq memorandumu imzalanıb

Azərbaycanla Özbəkistan arasında icbari tibbi sığorta sahəsində əməkdaşlıq memorandumu imzalanıb

XƏBƏR LENTİ
  • 01:31

    FHN: "Xəsarət alanlarla bağlı məlumat yoxdur"
  • 01:03

    Gül mağazasında baş verən yanğın məhdudlaşdırılıb - YENİLƏNİB-1
  • 00:00

    "28 May" metrosu istiqamətində avtomobillərin hərəkətinə məhdudiyyət qoyulub
  • Dünən
    23:47

    Azərbaycanla Ermənistan arasında sərhəd xəttinin koordinatları ilə bağlı protokol imzalanıb
  • Dünən
    23:21

    ABŞ Ukraynaya yeni silah partiyası göndərmək üzərində işləyir
  • Dünən
    23:08

    SOCAR-la “Tatneft” arasında əməkdaşlığa dair yeni “Yol xəritəsi” imzalanıb
  • Dünən
    22:56

    Sui-qəsdə uğrayan Slovakiya Baş nazirinin vəziyyəti ağırdır
    Sui-qəsdə uğrayan Slovakiya Baş nazirinin vəziyyəti ağırdır
  • Dünən
    22:43

    Hakan Fidan və qətərli həmkarı arasında telefon danışığı olub
Menyu