Uşaqların iştahasını artırmağın yolları – Pediatr məsləhəti
Valideynlərin son zamanlar şikayətlərinin çoxu uşaqlarının iştahasının olmaması ilə bağlıdır. Lakin az yemək və ya seçici yemək uşağın qeyri-sağlam olduğu mənasına gəlmir. Hərçənd onları həddindən artıq qidalanmağa məcbur etmək də artıq piylənməyə gətirib çıxaracaq ki, bu da əlavə bir problemdir.
Bəs uşaqların istahasızlığı nə ilə əlaqədardır və qidalanma prosesi necə həyata keçirilməlidir?
Bu barədə pediatr-endokrinoloq Sevda Novruzova “Operativ Media”ya bildirib ki, bunun müxtəlif səbəblərinə qan azlığı, qurd invaziyaları aid ola bilər ki, bununla bağlı uşaqlar müəyyən müayinələrdən keçirilməlidirlər.
O qeyd edib ki, uşaqların iştahının artırılması və düzgün qidalanması üçün onlara mütləq vitamin və minerallarla zəngin olan ərzaqlar verilməlidir.
“Meyvə və tərəvəzlərə, süd və süd məhsullarına, yumurta, ət kimi qidalara üstünlük verilməli, karbohidratlı məhsullara isə qida rasionunda nisbətən daha az yer verilməlidir. Xəmir və fəstfud yeməklərin, şirniyyatların, qazlı içkilərin qidalanmada az yer tutması, hətta menyudan çıxarılması daha məqsədəuyğundur. Azyaşlı uşaqların gün ərzində 3 dəfə, daha böyük uşaqların isə 4 dəfə qidalanması vacibdir. Yeməklərarası fasilədə əlavə qidaların verilməsi uyğun deyil. Belə halda onların normal iştahını təmin etmək və artıq piylənmənin də qarşısını almaq olar”.
Sevinc İbrahimzadə