
Avqustun 8-də Bakıda “Azərbaycan-Özbəkistan: əməkdaşlığın yeni üfüqləri” mövzusunda dəyirmi masa keçirilir.
"Operativ Media" xəbər verir ki, tədbir Azərbaycanın Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) və Özbəkistanın Mərkəzi Asiya Beynəlxalq İnstitutu (MABİ) tərəfindən birgə təşkil olunub.
Azərbaycan-Özbəkistan əməkdaşlığının perspektivlərinə həsr olunan tədbirdə iki ölkə arasında əməkdaşlığın hazırkı vəziyyəti, ikitərəfli və çoxtərəfli əməkdaşlığın gələcək istiqamətlərinin müəyyən edilməsi, habelə onların həyata keçirilməsi üçün konkret təklif və təşəbbüslərin işlənib hazırlanması kimi məsələlər müzakirə ediləcək.
Azərbaycan və Özbəkistan rəsmilərinin, ekspertlərinin iştirakı ilə keçirilən tədbirdə “Ümummilli Lider Heydər Əliyevin Özbəkistan-Azərbaycan əlaqələrinin inkişafında rolu” mövzusunda məruzə dinləniləcək.
Dəyirmi masanın iştirakçıları “Özbəkistan-Azərbaycan münasibətləri: müasir imkanlar və perspektivlər” və “Orta Asiya və Azərbaycan: sabitlik və davamlı inkişaf naminə qarşılıqlı əlaqələr” mövzusu ətrafında müzakirələr aparacaqlar.
Tədbirin sonunda Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi ilə Mərkəzi Asiya Beynəlxalq İnstitutu arasında memorandum imzalanacaq.