Türkiyənin BMT-dəki daimi nümayəndəsi: Azərbaycanın hüquqlarına hörmət edilməlidir
Türkiyənin BMT-dəki daimi nümayəndəsi Sedat Önal Ermənistanın Laçın yolunun humanitar yardım daşınması üçün bağlandığını iddia etdiyi Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında (BMT TŞ) çıxış edib.
"Operativ Media" "TRT Haber"ə istinadən xəbər verir ki, Sedat Önal çıxışında Azərbaycanın təbii suverenlik hüquqlarına hörmət edilməli olduğunu vurğulayıb:
"Biz regionda hərtərəfli sülh, sabitlik və əməkdaşlıq üçün tarixi fürsətin olduğuna inanırıq. Bu məqsədlə biz Ermənistanla tam normallaşma prosesinə sadiqliyimizi ifadə etmişik və bu istiqamətdə addımlar atmışıq. Azərbaycan və Ermənistan arasında sülh danışıqlarını qətiyyətlə dəstəkləməyə davam edəcəyik”.
Regional normallaşmanın ancaq dialoq və xoşməramla əldə oluna biləcəyini deyən Önal, Türkiyənin Ermənistanın BMT Təhlükəsizlik Şurası da daxil olmaqla beynəlxalq platformalardan Laçın yolu ilə bağlı siyasi iddialarını səsləndirmək cəhdlərindən narahatlığını ifadə edib.
Sedat Önal ilk növbədə Azərbaycanın haqlı narahatlıqlarının nəzərə alınmalı və təbii suveren hüquqlarına hörmət edilməli olduğunu bildirərək, Azərbaycanın Laçın yolundan silahlı qruplaşmaların təchizatı və Qarabağda qanunsuz mədən işlərinin aparılması ilə bağlı uzunmüddətli narahatlığına diqqət çəkib:
"Ancaq, bu narahatlıqlar və həssaslıqlar nəzərə alınmadı və Azərbaycan öz suveren hüquqları çərçivəsində öz ərazisində lazımi bildiyi tədbirləri görmək məcburiyyətində qaldı. Biz bilirik ki, Azərbaycan bu tədbirləri həyata keçirərkən humanitar mülahizələrə diqqət yetirir".