Almaniya Qarabağdakı saxta "seçkiləri" tanımadığını açıqlayıb
Almaniya Qarabağda keçirilən qondarma “prezident seçkiləri”ni tanımadığını açıqlayıb.
"Operativ Media" xəbər verir ki, bu barədə Almaniya Xarici İşlər Nazirliyi açıqlama yayıb.
Açıqlamada qeyd edilib: "Almaniya hökuməti Qarabağın müstəqilliyini və keçirilən seçkiləri tanımır. Almaniya Avropa İttifaqı ilə birlikdə Ermənistan və Azərbaycan arasındakı münaqişənin daimi həlli üçün səylər göstərir".
Bəyanatda Almaniya hökumətinin bu ölkələrin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünü qəbul etdiyi bildirilib.
Qeyd edək ki, Azərbaycanın Qarabağ bölgəsindəki qeyri-qanuni erməni qüvvələri sentyabrın 9-da nəzarət etdikləri torpaqlarda qondarma “prezident seçkiləri” keçirib.
Azərbaycan tərəfi Qarabağ bölgəsində erməni qüvvələrinin nəzarətində olan torpaqlarda keçirilən qondarma seçkini pisləyib və bunu ölkənin suverenliyinə və ərazi bütövlüyünə qəsd kimi qiymətləndirib.