Mama-ginekoloq: 20 yaşdan kiçik qızların hamiləliyi ölkə səhiyyəsi üçün də riskli hesab olunur
Hər il ölkəmizdə ana olan qadınların ciddiyə alınacaq qədərini yeniyetmə qızlar təşkil edir.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2022- ci ildə Azərbaycanda 122 846 uşaqdan 2 011-nin anası 15-17 yaş aralığında olan yetkinlik yaşına çatmamış qızlar olub.
Bəzi bölgələrdə hələ də çox normal və “belə də olmalıymış” kimi baxılan erkən nigahların fəsadlarından biri də məhz hələ özü uşaq olan və tam formalaşmamış orqanizmin hamiləliyə və uşaq dünyaya gətirməyə məcbur qalmasıdır.
Mama-ginekoloq Dr. Rəşad Sultan azyaşlı vaxtında hamilə qalan qızların dünya gətirdiyi körpələr barədə “Operativ Media”ya açıqlama verib.
O bildirib ki, 20 yaş altı hamiləliklər vaxtından qabaq doğuş baxımından ekologiyada riskli hamiləliklər hesab olunur:
“Vaxtından qabaq doğuş riski 20 yaş altı hamiləlikdə üç dəfə artır. Bu isə Pediatriya-Neonatologiyada ölüm faizi ən yüksək olan hal sayılır. Yenidoğulanların ölümü isə bütün dünya ölkələrində səhiyyənin inkişaf göstəricisi kimi önəmli bir sağlıq problemi olaraq görülür. Həmçinin vaxtından qabaq doğuş həm şikəst uşaqların, həm də uşaq ölümünün əsas səbəblərindəndir. İstənilən halda erkən doğuşlar və uşaq ölümləri ölkənin özündə də ciddi sağlıq problemi olduğundan xəbər verir”.
Sevinc İbrahimzadə
