
Barselona Universitetinin alimləri müəyyən ediblər ki, B12 vitamini çatışmazlığı nəticəsində orqanizmdə yaranan iltihablar ürək-damar xəstəlikləri, şəkərli diabet və neyrodegenerativ pozğunluqların inkişaf riskini artırır.
“Operativ Media” bildirir ki, bu barədə araşdırmanın nəticələri “Journal of Food and Agricultural Science” jurnalında dərc edilib.
B12 vitamini bədəndəki müxtəlif fizioloji proseslərdə iştirak edən vacib bir qidadır. Bu vitamin ümumi sağlamlıq üçün böyük əhəmiyyət kəsb edir. Onun çatışmazlığı qeyri-adekvat bəslənmənin (vegetarianlığa və veqanizmə bağlılıq) və ya yaxşı udulmamanın nəticəsindən yarana bilər.
İspaniyalı tədqiqatçılar müəyyən ediblər ki, B12 çatışmazlığı orqanizmdə iki iltihabi markerin (interleykin (IL)-6 və C-reaktiv protein (CRP)) səviyyəsinin artması ilə əlaqələndirilir. Alimlər xroniki iltihabın diabet, neyrodegenerativ pozğunluqlar, infarkt və hipertoniya daxil olmaqla geniş spektrli xəstəliklərin riski ilə əlaqəli olduğunu izah ediblər. Həmçinin məlum olub ki, insanın orqanizmində B12 vitamini nə qədər çox olarsa, iltihabın əlamətləri bir o qədər azalır. Buna isə tərs asılılıq deyilir.
Alimlər ümid edirlər ki, onların işləri Parkinson xəstəliyi kimi neyrodegenerativ xəstəliklərin mexanizmlərini anlamağa da kömək edəcək. Artıq araşdırmaçılar orqanizmdəki xroniki iltihabın piylənmə və qıcıqlanmış bağırsaq sindromu ilə əlaqəli olub-olmadığını müəyyən etmək üçün tədqiqatları davam etdirməyi planlaşdırırlar.
Sevinc İbrahimzadə