Azərbaycan və İranın Baş prokurorları arasında videoformatda görüş olub
Nərmin Qocamanlı
Baş prokurorluğun Mətbuat xidmətinə daxil olmuş sorğulara cavab olaraq bildirilir ki, dekabrın 23-də Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevlə İran İslam Respublikasının Baş prokuroru Mohammad Kazem Movahedi-Azad arasında videoformatda geniş tərkibli görüş keçirilib.
"Operativ Media" xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.
Görüşdə Azərbaycan Respublikasının Tehrandakı Səfirliyinə cari ilin 27 yanvar tarixində edilən terror hücumu ilə bağlı cinayət işi üzrə məhkəmə baxışının keçirilməsi, yekun qərarın qəbulunun sürətləndiriləməsi və hüquqi əməkdaşlıq mexanizmləri müzakirə olunub.
Bundan başqa, görüş zamanı ölkələrimizin prokurorluq orqanları arasında hüquqi əməkdaşlıq sahəsində qarşılıqlı maraq doğuran digər məsələlər üzrə fikir mübadiləsi aparılıb.
Görüşdə həmçinin, ölkəmizin İran İslam Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Əli Əlizadə və İran İslam Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvi də iştirak edib.