Yəmən XİN: Ölkədəki neft bazaları İran PUA-ları ilə hədəfə alınıb
Yəmənin xarici işlər naziri Əhməd Avad bin Mübarək ölkəsindəki neft obyektləri və tankerlərin İranın pilotsuz uçuş aparatları (PUA) tərəfindən hədəf alındığını bildirib.
"Operativ Media" Yəmənin rəsmi xəbər agentliyi SABA-ya istinadən xəbər verir ki, Yəmənin xarici işlər naziri Bin Mübarək İtaliyanın paytaxtı Romada keçirilən 8-ci MED Aralıq dənizi Dialoq Forumu çərçivəsində ABŞ-nin İran üzrə xüsusi nümayəndəsi Robert Malli ilə görüşüb.
Görüş zamanı rəsmi Tehranın davranışları ilə bağlı müzakirələr edilib.
Yəmən naziri Bin Mübarək Tehranın Husi milislərinə dəstəyinə və İran silahlarının, xüsusilə də dronların husilərə göndərilməsinin davam etməsinə diqqət çəkib.
Bunun Yəməndəki böhranı daha da şiddətləndirdiyini və bölgədə təhlükəsizlik, sülh, beynəlxalq gəmiçilik və neft tədarükünü təhdid etdiyini deyən Bin Mübarək, "Yəməndəki neft obyektləri və tankerlər İran PUA-larının hədəfindədir"-deyə açıqlama verib.
Məsələ ilə bağlı İran və husilər hələlik açıqlama verməyiblər.