Davosda “sülh formulu” toplantısı başlayıb
İsveçrənin Davos şəhərində Ukraynanın “sülh formulu”na dair iclas başlayıb.
“Operativ Media” xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin Ofisinin rəhbəri Andrey Yermak məlumat yayıb.
Məlumata görə, iclasda 81 ölkənin dövlət başçılarının milli təhlükəsizlik üzrə müşavirləri iştirak edirlər.
Ukrayna Prezidenti Vladimir Zelenskinin 2023-cü ilin əvvəlində təqdim etdiyi “sülh formulu” Rusiya qoşunlarının Ukrayna ərazilərindən tamamilə çıxarılmasını, 1991-ci il sərhədlərinin Ukraynaya qaytarılmasını, bütün məhbusların azad edilməsini, həmçinin nüvə, ərzaq və ekoloji təhlükəsizliyin təmin edilməsini nəzərdə tutur. 2023-cü ildə Ukraynanın “sülh formulu” ilə bağlı üç görüş keçirilib. Birincisi iyunun 24-də Kopenhagendə, ikincisi isə avqustun 5-6-da Ciddədə baş tutub. Üçüncü görüş oktyabrın sonunda Maltada baş tutub. Rusiya Xarici İşlər Nazirliyi həmçinin dördüncü belə görüşün 2023-cü il dekabrın ortalarında “tam məxfilik şəraitində” keçirildiyini bildirib. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Moskvanın iştirakı olmadan sülh formulunun hazırlanması cəhdlərini absurd adlandırıb.