GUAM AŞPA-nın qərəzli mövqeyinə niyə etiraz etmədi?
"Dəstək gözlədiyimiz ölkələr və ya təşkilatlardan AŞPA-nın qərəzli səsverməsində lazımi reaksiyanı görməyən Azərbaycanın onlarla gələcək münasibətlərini yenidən nəzərdən keçirməyə tam haqqı var".
Bunu "Operativ Media" ya açıqlamasında politoloq Elçin Mirzəbəyli deyib.
Politoloq deyir ki, AŞPA-nın qərəzli mövqeyinə qarşı digər təşkilatlar da bəyanatlar verməlidir:
"Bu təşkilardan biri də Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilatıdır (GUAM). Və ora üzv olan, həmişə dəstək verdiyimiz ölkələr: Gürcüstan, Ukrayna və Moldova. Sərgilədikləri mövqe nə bu ölkələrin xalqları ilə Azərbaycan xalqı arasındakı münasibətlərə, nə Azərbaycanın bu ölkələrə verdiyi dəstəyə, nə də bu münasibətlərin ruhuna uyğun gəlmir. Bu davranış prinsip etibarilə xəyanətkar bir davranışdır və nəticə etibarilə də bundan sonrakı inkişafa şübhəsiz ki, təsirini göstərəcək. Əslində bəzi təşkilatların, eləcə də GUAM-ın yaradılmasında əsas məqsədlərdən biri məhz beynəlxalq platformalarda birgə siyasət həyata keçirmək, bir-birinə dəstək verməkdir. Ukrayna, Gürcüstan və Moldovanın ərazi bütövlüyü məsələsi də ölkəmiz üçün beynəlxalq təşkilatlar çərçivəsində həmişə prioritet olub".
Politoloqun sözlərinə görə, Azərbaycanın ərazi bütövlüyü və suverenliyini təmin etdiyinə görə təzyiq vasitəsi olan səsvermədə AŞPA-ya etiraz edilməli idi:
"Bu ölkələrin ərazi bütövlüklərinə münasibətdə Azərbaycanın atdığı addımlar humanitar xarakterli dəstək aksiyaları və digər bu qəbildən olan addımlar hər kəsin yaddaşında dərin izlər buraxıb. Mütəmadi olaraq ölkəmizin ən çətin vaxtlarda bu ölkələrə dəstək olması həmin dövlətlərin xalqları tərəfindən, siyasətçiləri tərəfindən dəstəklənib. İndiki şəraitdə bu davranış, xüsusilə də AŞPA-da baş verənlərin bilavasitə Azərbaycanın ərazi bütövlüyünün təmin olunması kontekstində ölkəmizə qarşı hücumlar çərçivəsində baş verdiyini bilərəkdən onların bu addımı atmaları qənaətinə görə bu xəyanət faktorunu ikiqat gücləndirir. Azərbaycanın bundan sonra bu ölkələrlə, eyni zamanda GUAM-la münasibətləri ciddi redaktələrə məruz qala bilər. ölkəmiz hazırda GUAM-a sədrlik edir. Bu ölkələrin AŞPA-dakı nümayəndə heyətlərinin səsvermədə Azərbaycana gözlənilən dəstəyi verməməsindən sonra GUAM-ın perspektivi ilə bağlı suallar artır".