Ərdoğan BƏƏ və Misirə gedir
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) gedəcək. Ərdoğan BƏƏ-yə iki günlük səfərindən sonra fevralın 14-də Misirə rəsmi səfər edəcək.
"Operativ Media" xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.
Məlumata görə, Ərdoğan dəvət əsasında 12-13 fevral 2024-cü il tarixlərində Birləşmiş Ərəb Əmirliklərinə, 14 fevral 2024-cü il tarixində isə Misir Ərəb Respublikasına rəsmi səfərlər edəcək.
Prezident Ərdoğan fevralın 13-də Dubayda keçiriləcək Dünya Hökuməti Zirvə toplantısına fəxri qonaq qismində “Gələcəyin hökumətlərini formalaşdırmaq” mövzusu ilə qatılacaq.
Müxtəlif ölkələrdən dövlət və hökumət rəsmilərini, beynəlxalq təşkilatları, özəl sektoru, akademik dairələri, vətəndaş cəmiyyətlərini, beyin mərkəzləri və media nümayəndələrini, iş adamlarını bir araya gətirən sammitdə Ərdoğan əsas məruzəçi kimi çıxış edəcək.
Prezident Ərdoğanın sammit münasibətilə iştirakçı ölkələrdən olan həmkarları, xüsusilə Birləşmiş Ərəb Əmirliklərinin prezidenti Şeyx Məhəmməd Bin Zayed Əl Nəhyan ilə ikitərəfli görüşləri də gözlənilir.