“Nikol Paşinyanın bəyanatı sadəcə ictimaiyyəti çaşdırmaqdır” - Ekspert
“Ermənistan mətbuatı Nikol Paşinyanın açıqlamalarından yola çıxaraq yerli və xarici ictimaiyyəti aldatmağa çalışır. Yazılan yazılarda və hazırlanan xəritələrdə 31 kəndin - ümumilikdə 170 kvadrat kilometr ərazinin işğal altında olması fikri absurddur”.
"Operativ Media" xəbər verir ki, bunu “Operativ Media”ya açıqlamasında beynəlxalq münasibətlər üzrə ekspert Əziz Əlibəyli söyləyib.
Əziz Əlibəyli deyir ki, burada heç bir işğaldan söhbət gedə bilməz. 2 ölkə arasında dövlət sərhədi müəyyən olunmadığı üçün Azərbaycanın sərhəd zonasındakı kəndlər uzun illər ərzində Ermənistan tərəfindən istismar olunub.
“Ermənistan rəhbərliyi sərhədin olmamasından istifadə edərək Azərbaycan torpaqlarını öz adlarına çıxarmağa çalışıb. Ermənilər o ərazilərin həm meşə ehtiyatlarından yararlanıblar, həm də kənd təsərrüfatı məqsədilə mal-qara saxlamaq, əkin-biçin etmək üçün istifadə ediblər. Lakin Vətən müharibəsində Azərbaycanın qələbəsi Ermənistanın bütün planlarını məhv etdi. Azərbaycanın öz torpaqlarını azad edib, suverenliyini bərpa etməsi və delimitasiya, demarkasiya məsələlərinin meydana çıxması belə bir həqiqəti ortaya çıxartdı ki, Ermənistanın 100 il ərzində təlqin etdiyi, üzərindən ciddi şəkildə siyasət apardığı, təbliğat qurduğu ərazilərin böyük bir hissəsi Azərbaycana aiddir”, - ekspert qeyd edib.
Əziz Əlibəylinin sözlərinə görə, bütün bu sadalananlar müharibədən sonra yaşayan proseslərin tərkib hissəsidir. Burda müharibə ilə geri qaytarılan torpaqlardan söhbət getmir.
"Ermənistan necə ki, müharibəyə səbəb olub, necə ki, təhlükəsizlik paradiqmasını pozub. Bunu birinci növbədə sərhəd bölgəsində yerləşən əhalisi üçün etmiş oldu. Bununla da təxminən 30-dan artıq kəndin əhalisinin istifadə etdiyi, öz əraziləri hesab etdiyi bölgələr Azərbaycanın nəzarəti altına keçdi. Bu kəndlərin mövcud aqibətlə üzləşməsinin səbəbi Ermənistanın işğalçi siyasətidir. Ermənistan bu 31 kənd mövzusunu gündəmə gətirməklə, "işğal sözünü" istifadə etməklə sülh prosesinə zərbə vurmağı hədəfləyir. Belə ki, rəsmi İrəvan Qazaxın 7 kəndinin və Kərkinin qaytarılması ilə bağlı Azərbaycanın artan real tələblərinə adekvat cavab vermək və bununla da sülhdən qaçıb, Fransadan aldığı silahları işə salmaq niyyətindədir. Heç şübhəsiz ki, Ermənistanın qərbyönümlü planları da əvvəlki planlar kimi alt-üst olacaq”, - Əlibəyli qeyd edib.