Menyu

Ceyhun Bayramov: "Ermənistan XİN rəhbəri ilə növbəti görüşün keçirilməsi nəzərdə tutulur"

Nərmin Qocamanlı
Ceyhun Bayramov: "Ermənistan XİN rəhbəri ilə növbəti görüşün keçirilməsi nəzərdə tutulur"

Azərbaycan Ermənistanla bir-birinin suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığının qarşılıqlı olaraq tanınması və hörmət edilməsi əsasında ikitərəfli münasibətlər qurmaq, münaqişə səhifəsini qarşılıqlı faydalı əməkdaşlıq, normal qonşuluq münasibətləri ilə əvəz etmək niyyətində qətiyyətlidir.

"Operativ Media" xəbər verir ki, bunu Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan Respublikası, Türkiyə Respublikası və Türkmənistanın xarici işlər nazirlərinin iclasında çıxışında bildirib.

“Bu məqsədlə, iki ölkə arasında qarşılıqlı münasibətlərə dair müqavilənin mətni üzrə növbəti yenilənmiş təkliflər tərəfimizdən qarşı tərəfə təqdim edilib, yaxın həftələrdə iki ölkənin xarici işlər nazirləri arasında müzakirələr üçün növbəti görüşün keçirilməsi nəzərdə tutulur. Azərbaycanın bu məsələdə də mövqeyi ardıcıl və prinsipialdır, beynəlxalq hüquqa və ədalətə əsaslanır.

Ümid edirik ki, tərəfimizdən sülh məqsədilə atılan addımlar nəhayət ki, Ermənistan tərəfindən zəruri siyasi iradə və praktiki fəaliyyətlə cavablandırılacaqdır. Normallaşma prosesinin məntiqi nəticəyə çatması üçün Ermənistan tərəfindən üzərinə götürülmüş öhdəliklərin təxirə salınmadan icra edilməsi, Azərbaycana qarşı əsassız ərazi iddialarına qətiyyətlə son qoyularaq, normal qonşuluq münasibətlərinin təsis edilməsi üçün əməli addımların atılması mühüm şərtdir”, - nazir qeyd edib.

Əlaqəli Xəbərlər