Kazaryan: Ermənistanda hindistanlıların sayı çoxalıb
Nərmin Qocamanlı
Son il ərzində 130 minə yaxın hindistanlı xüsusi yaşayış statusu alıb ki, bu da indiyədək Ermənistandakı bütün milli azlıqların sayından iki dəfə çoxdur.
"Operativ Media" xəbər verir ki, bunu Ermənistan Konstitusiya Məhkəməsinin keçmiş aparat rəhbəri Edqar Kazaryan bildirib.
O deyib ki, indiyədək Ermənistanda 56 min milli azlıqların nümayəndəsi olub. Bu 130 min nəfərin etnik və dini tərkibinin nədən ibarət olduğunu dəqiq bilmirik.
"Hindistanda 220 milyon müsəlman yaşayır. Qeyd edək ki, yalnız gənclər, əsasən kişilər gəlib, onlar burada kök salıb nəsil verəcəklər. Ermənistan vətəndaşlarından fərqli olaraq, onlar klinikalarda qeydiyyatda deyillər, onların səhhətinin vəziyyətindən xəbərimiz yoxdur, xəstələnəndə kimin müalicə etməli olduğunu bilmirik, orduya getmirlər, vergi ödəmirlər. Yəni bizimlə müqayisədə onlar hətta imtiyazlı vəziyyətdədirlər", - deyə Kazaryan qeyd edib.
O əlavə edib ki, bu, Ermənistanın demoqrafik tərkibini dəyişdirən və nəzarətsiz İslam təsiri altında olan xüsusi miqrasiya siyasətidir:
"Mən bunda ciddi təhlükələr görürəm. Regionlarda miqrasiya xidmətlərinin açılması təkcə İrəvanda deyil, digər şəhərlərimizdə də hindistanlıların sayının kəskin artmasına səbəb olacaq".