Almaniya prezidenti İstanbulda səfərdədir
Almaniya prezidenti Frank-Valter Ştaynmayer Türkiyəyə üç günlük səfərinin ilk dayanacağı olaraq İstanbula gəlib.
"Operativ Media" xəbər verir ki, Ştaynmayer və onu müşayiət edən nümayəndə heyətini İstanbul hava limanında İstanbul valisi Davud Gül, Almaniyanın Ankaradakı səfiri Yurgen Şulz, Türkiyənin Berlin səfiri Əhməd Başar Şen və digər rəsmi şəxslər qarşılayıblar.
Ştaynmayer iki ölkə arasında diplomatik əlaqələrin başlanmasının 100-cü ildönümü münasibətilə Türkiyəyə ilk səfəri zamanı İstanbul, Qaziantep və Ankaraya səfər edəcək.
Prezident Ştaynmayerin İstanbul Sirkeci Dəmiryolu Vağzalını ziyarət etməsi, Türkiyə-Almaniya miqrasiya təcrübəsi olan insanlarla görüşməsi, alman şirkətlərinin nümayəndələri ilə iki ölkənin iqtisadi əlaqələrini müzakirə etməsi gözlənilir.
Həmçinin Ştaynmayerin biznes, elm, incəsənət, ədəbiyyat, idman dairələri və qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə də görüşü nəzərdə tutulub.
Səfərinin ikinci günü Ştaynmayer Qaziantepdə zəlzələ qurbanları üçün sığınacaq və tikintisi Almaniya tərəfindən dəstəklənən məktəbə baş çəkəcək.
Ştaynmayerin aprelin 24-də Ankarada prezident Rəcəb Tayyib Ərdoğanla görüşü gözlənilir. Ankara Universitetini ziyarət etməsi planlaşdırılan Ştaynmayer Anıtkabiri də ziyarət edəcək və Atatürkün məqbərəsinə əklil qoyacaq.