Bakının mərkəzi yerlərində evlərin qiymətinin baha olduğu məlumdur. Burada 1 otaqlı mənzillərin ən yüksək qiyməti təxminən 150 min manat civarındadır. Lakin Bakının bəzi əraziləri var ki, orada mənzillərin qiyməti iki qat bahadır. Belə yerlərdən biri də “Xəyal Adası” (Dreamland) yaşayış zonasıdır. “Xəyal Adası”nda bir otaqlı mənzillərin minimum qiyməti 270 min manatdan başlayır. İki otaqlı villaların qiyməti isə 580 min manatdan ucuz deyil. Sanki ayrı bir ölkəyə aid imiş kimi görünən “Xəyal Adası” çox insan üçün elə adının mənasını ifadə edir.
Bəs bu yaşayış zonasının özəlliyi nədir və qiymətlər nə üçün bu qədər bahadır?
Mövzu ilə əlaqədar əmlak eksperti Elnur Azadov “Operativ Media”ya bildirib ki, “Dreamland” beynəlxalq layihədir, lokal deyil:
“Yəni sırf Azərbaycan bazarı üçün nəzərdə tutulmayıb və bildiyim qədər vaxtilə onun maliyyələşməsi də beynəlxalq valyuta ilə həyata keçirilib. Orada yaradılan infrastruktura, kommunikasiyalara və digər hər bir şeyə çox böyük investisiya qoyulduğuna görə şəhərin digər yerində olan bir neçə villadan dəfələrlə baha başa gəlib və buna görə də satışı olduqca bahadır”.
Ekspertin fikrincə, bu kimi layihə hazırlanarkən onun marketinq, analizi, tələbatı nəzərə alınmayıb:
“Layihə ideya olaraq hazırlanıb və hökumət tərəfindən, yaxud layihənin digər sahibkarları tərəfindən qəbul olunub. Bunun inşası artıq baş tutandan sonra bizdə devalvasiya baş verdi və oranın maya dəyəri olduqca baha başa gəldi. Azərbaycandan “Xəyal adası”ndan ev ala biləcək şəxslərin 80-90 faizi artıq orada daşınmaz mülkə sahibdirlər. Layihə beynəlxalq səviyyədə keçirilən tədbirlərdə də dəfələrlə iştirak edib. Lakin Azərbaycanda bu layihə beynəlxalq səviyyədə investorlar üçün bir o qədər cəlbedici olmadığına görə, həmin evlər orada qalıb”.
Azərbaycanda daşınmaz əmlak sahəsinə investisiyalar və layihələr nəyə istinadən həyata keçirilir?
E. Azadov bildirib ki, əslində, bir çox tikinti şirkətləri, ümumiyyətlə, investisiyanı yatırırlar və heç bir biznes planları olmur:
"Bu cür nəhəng inşaat layihələrindən söhbət gedirsə, bunun, təbii ki, böyük inşaat layihəsi olanda, milyonlarla pul xərcləyəndə, onun bir az miqdarını, onun marketinqin analizini və düzgün planlaması üçün həyata keçirilsəydi, daha düzgün bir yanaşma olardı. Təəssüflər olsun ki, bizim ölkədə böyük inşaat korporasiyalar var. Yüzlərlə inşaat işini aparan fərdi inşaatçılar var, amma onları marketinq işini aparmadan hər hansı bir inşaat layihəsinin startapını həyata keçirirlər. Bir çox yerlərdə 1,5 faiz xərcləmədən hər hansı bir layihə ideya üzərində başlayırlar. Düzgün olan isə marketinq, analiz və strategiya - bunların hamısı biznes plan qurularsa, iş adamı belə daha çox pul qazana bilər”.