
Artıq bir neçə gündür ki, ölkə ərazisində isti hava müşahidə edilir. Hələki günvurma ilə bağlı müraciət olmasa da, mütəxəsislər vətəndaşları diqqətli olmağa çağırır.
“Operativ Media” ya açıqlama verən həkim-terapevt Mətanət Cəfərova deyir ki, açıq havada işləyənlər, qızmar günəş altında istirahət edənlər günvurma təhlükəsi ilə üz-üzədir. Günvurmadan qorunmaq üçün diqqət edilməli məqamlar var:
“Xüsusilə yaşlılar, uşaqlar və xroniki xəstəlikləri olanların isti havalarda xəstələnib yatağa düşməməsi üçün bir sıra tədbirlərin görülməsi vacibdir. Lakin istidən qorunmaq tədbirləri adıçəkilən kateqoriyalara yox, həm də tamamilə sağlam insalara da aiddir. Yüksək təzyiq, endokrin sistemində problemi olanlar, uşaqlar, kök insanlar, ürək ritminin pozulmasi ilə gedən ürək xəstəliklərində günvurma halları daha çox müşahidə olunur. Belə şəxslərə günəş altında gəzmək məsləhət deyil. Uzun zaman günəş altında qalmaq məsləhət deyil. Əgər vacib işləri varsa, günəş altında qalmaq məcburiyyətindədirlərsə, mütləq qoruyucu vasitələrdən, papaqlardan, baş örtüklərindən, çətirlərdən istifadə etsinlər. Ümumiyyətlə tövsiyyə olunur ki, daima yanlarında soyuq su olsun. Sərin su və çoxlu maye qəbul etsinlər.
Həkim həkim-terapevt Mətanət Cəfərova bildirir ki, günvurma nəticəsində insan səhhətində ciddi problemlər yarana bilər:
“Günəş vannası qəbul etmək üçün optimal vaxt səhər 8-dən 11-ə və 16-dan 19-a qədərdir. 11:00-dan 16:00-a qədər çimərlik üçün arzuolunmaz vaxtdır. Günvurma zamanı ürəkbulanma, gözün qaralması, güclü baş ağrıları və bəzən qusma halları baş verir. Günvurmanın əlamətləri müşahidə olunduqda dərhal ilkin yardım göstərilməlidir və təcili yardım çağırılmalıdır. Zərərçəkəni kölgəli və sərin yerdə uzatmaq, başına buz və ya soyuq kompres qoymaq lazımdır. Əgər huşu özündədirsə, sərin su verilməsi tövsiyə edilir”.