Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun qərəzli yanaşmasına etiraz bəyanatı yayıb.
Ombudsman Aparatından "Operativ Media"ya verilən xəbərə görə, bəyanatda deyilir ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu tərəfindən tvitter sosial şəbəkəsində Azərbaycan və Ermənistan xalqları arasında nifrət hissini artırmaqla milli ədavəti qızışdırmağa və başlanmış kövrək sülh prosesini pozmağa yönəlmiş qərəzli məlumat yayımlanıb.
Bildiririk ki, Ermənistan silahlı qüvvələri tərəfindən azərbaycanlı hərbi əsirlərin qəddarcasına qətlə yetirilməsi, insanlığa sığmayan digər hərəkətlərə yol verilməklə işgəncə və təhqirə məruz qalması ilə bağlı çoxsaylı təkzibolunmaz sübutlar mövcuddur: “Sosial şəbəkələrdə və digər media resurslarında azərbaycanlı hərbi əsirlərə qarşı törədilmiş müharibə cinayətlərini təsdiq edən faktları əks etdirən videogörüntülərlə bağlı ATƏT-ə, habelə BMT, Avropa İttifaqı, Avropa Şurası və onların ixtisaslaşmış qurumlarına, digər səlahiyyətli beynəlxalq və regional təşkilatlara tərəfimizdən dəfələrlə müraciətlər edilmiş, hesabatlar təqdim olunub.
Təəssüflər olsun ki, Azərbaycandan fərqli olaraq Ermənistan tərəfi bu kimi faktlarla bağlı heç bir araşdırma aparmır və bununla da beynəlxalq humanitar hüquq normalarından irəli gələn öhdəliklərə əməl etmir.
Bununla belə Azərbaycana münasibətdə ikili standartlara yol verilərək Ermənistan tərəfindən törədilmiş müharibə cinayətlərinə ATƏT tərəfindən heç bir reksiya verilmir, əksinə ölkəmiz barədə həqiqəti əks etdirməyən qərəzli məlumatlar paylaşılmaqla sülhyaratma fəaliyyətinin pozulmasına yönəlmiş addımlar atılır.
Məlum olduğu kimi, artıq Ermənistan və Azərbaycan BMT Nizamnaməsinə və 1991-ci il “Alma-Ata bəyannaməsi”nə sadiqliyini bir daha nümayiş etdirərək bir-birinin ərazi bütövlüyü və suverenliyini tanıyıblar.
Bu baxımdan tərəflərin bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanımaqla sülhə daha da yaxınlaşdığı hazırkı çox həssas bir vaxtda məqsədli şəkildə nümayiş etdirilən bu qərəzli münasibəti kəskin şəkildə qınayır, ATƏT-i tərəflər arasında davamlı sülhün təşviqinə və insan hüquqlarının təmininə xidmət edən ədalətli mövqe nümayiş etdirməyə çağırırıq”.