İlham Əliyev və Ərdoğan arasında telefon danışığı olub - YENİLƏNİB
Avqustun 17-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
"Operativ Media" xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyədə baş vermiş meşə yanğınlarının qarşısının alınması üçün Azərbaycanın lazımi dəstəyi göstərməyə hazır olmasının yüksək qiymətləndirildiyini deyərək, yanğınların söndürülməsində məhz “BE-200ÇS” amfibiya tipli təyyarəyə ehtiyacın yarandığını vurğulayıb və bu təyyarənin Azərbaycandan Türkiyəyə göndərilməsi ilə bağlı qərara görə minnətdarlığını bildirib. Türkiyə Prezidenti bunu ölkələrimiz arasında qardaşlıq və strateji müttəfiqlik münasibətlərinin növbəti təzahürü kimi dəyərləndirib.
“BE-200ÇS” amfibiya tipli təyyarənin qısa zamanda Türkiyəyə göndəriləcəyini deyən dövlətimizin başçısı vurğulayıb ki, yanğınların qarşısının alınması ilə bağlı Azərbaycan qardaş ölkəyə istənilən əlavə dəstəyi göstərməyə hazırdır.
Dövlət başçıları Azərbaycanın və Türkiyənin hər zaman bir-birinin yanında olduqlarını, bir-birini daim dəstəklədiklərini qeyd ediblər.
Telefon söhbəti zamanı Azərbaycan-Türkiyə dostluq, qardaşlıq və müttəfiqlik münasibətlərinin perspektivləri ilə bağlı fikir mübadiləsi aparıblar.
***
20:38
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan prezidenti İlham Əliyev arasında telefon danışığı olub.
"Operativ Media" xəbər verir ki, telefon danışığı zamanı, Türkiyə ilə Azərbaycan arasında ikitərəfli əlaqələr, regional və qlobal hadisələr müzakirə edilib.
Azərbaycan prezidenti İlham Əliyev meşə yanğınları ilə əlaqədar Azərbaycanın Türkiyəyə hər cür dəstəyi verməyə hazır olduğunu bildirib.
Prezident İlham Əliyevin tapşırığı ilə FHN-nin 1 yanğınsöndürən təyyarəsi meşə yanğınları ilə mübarizə üçün Türkiyəyə göndərilib
Ərdoğan Azərbaycan xalqına təşəkkür edib və belə günlərdə Türkiyə ilə Azərbaycan arasında qardaşlığın daha da gücləndiyini bildirib.