“Kraken” variantı nədir, necə yayılır?
XBB.1.5 (Kraken) variantı nədir, necə yayılır, simptomları varmı?
"Operativ Media" xəbər verir ki, ötən il ilk dəfə aşkar edilən yeni "Covid" variantı qısa müddətdə ABŞ-da dominant ştama çevrilərək "kraken" variantı kimi tanınıb. Yeni variantın xüsusiyyətləri, yoluxuculuğu və simptomları maraq doğurur.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, XBB.1.5 (kraken) variantı 30-a yaxın ölkədə aşkar edilib.
XBB.1.5 NƏDİR?
XBB.1.5 "omicron" variantının başqa qoludur.
Ümumdünya Səhiyyə Təşkilatı xəbərdarlıq edib ki, XBB.1.5 indiyə qədər "ən yoluxucu" "Covid" variantıdır.
Bununla belə, ÜST indiyə qədər onun əvvəlki "Omicron" variantlarından daha ciddi və ya zərərli olduğuna dair heç bir əlamətə rastlanmadığını, lakin araşdırmaların aparıldığını bildirib.
XBB.1.5 VARIANT HANSI ÖLKƏLƏRDƏ YAYILIB?
Hindistanda ortaya çıxan variant ABŞ-da sürətlə yayılmağa başlayıb. Son iki ay ərzində Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinin rəqəmləri göstərir ki, XBB.1.5 variantı hazırda ABŞ-da yoluxma hallarının 40%-dən çoxunu təşkil edir. Yoluxma Azərbaycanla qonşuluqda, Gürcüstan və Rusiyada da qeydə alınıb. Rusiya Səhiyyə Nazirliyi bildirib ki, bu variant üçün üçüncü doza vaksin kifayət etməyə bilər.
XBB.1.5 ƏLAMƏTLƏRİ NƏDİR?
Kraken hərarət və öskürəklə meydana çıxır. Boğaz ağrısı, baş ağrısı, burun tutulmasına çox rastlansa də, əzələ və bel ağrıları kraken variantının ən diqqət çəkən əlamətləri arasındadır. XBB.1.5-in simptomlarının əvvəlki "Omicron" alt tiplərinə oxşar olduğu düşünülür, lakin bunu təsdiqləmək hələ tezdir.
Hazırda dünya gündəmində olan kraken variantı ilə bağlı səhiyyə təşkilatlarının araşdırmaları davam edir.