"Qərbin liberal dəyərlərə xidmət edən ideoloji qüvvələri ayırıcı xətlər yaradaraq dünyanı bölmək niyyətindədir" - Millət vəkili
"Bəzi böyük ölkələr özlərinin aqressiv siyasətlərini həyata keçirmək üçün müxtəlif ideoloji proqramlar tərtib edirlər. Həmin ideoloji proqramlara uyğun olaraq da öz siyasətlərini başqa regionlara və dövlətlərə diktə etmək istiqamətində addımlar atırlar".
Bunu "Operativ Media"ya millət vəkili Tural Gəncəliyev bildirib.
Onun sözlərinə görə, bu xüsusilə Qərb, ABŞ, Avropa İttifaqında liderlik etmək istəyən Fransa kimi ölkələrin siyasətində daha çox təzahür edilir:
"İdeoloji proqramları əsas götürərək öz siyasətlərini aqressiv şəkildə tətbiq etmək istəyən ölkələr mövcuddur. Bu proqramlar, ənənəvi ailə dəyərlərinin əleyhinə olan LGBT-ni bütün dünyaya qəbul etdirmək siyasətidir. Fransa, ABŞ və bəzi qərb ölkələri LGBT dəyərləri adı altında dünyanın gündəmə bu məsələni gətirir. Həmin bu gündəmi isə beynəlxalq təşkilatlar vasitəsilə diktə etməyə çalışırlar. AŞPA-da bu məsələlərin diktə edilməsi, gündəmə gətirilməsi və digər ölkələr tərəfindən qəbul edilməsi ilə bağlı cəhdlər də mövcuddur. Bu çox təhlükəli məqamdır. Müstəmləkə ölkələri bəşəriyyətə qarşı olan “ideologiyalarını” anti-humanist alətlərlə həyata keçirir. Bu gün böyük müharibələrin baş verməsi və böyük müharibələrin nəticəsində bəşəriyyətin müxtəlif cəbhələrə bölünməsi də məhz bu ideoloji xəttə uyğun olaraq aparılır. Qərbin liberal dəyərlərə xidmət edən bu ideoloji qüvvələri ayırıcı xətlər yaradaraq dünyanı bölmək niyyətindədir. Onlar qərb dəyərlərinin hegemonluğunu qəbul etdirməyə çalışırlar. Etməyən ölkələrə isə qarayaxma kampaniyaları aparırlar. Azərbaycanın AŞPA nümayəndə heyətinin üzvü olaraq bu dəyərləri qəbul etməyənlərə qarşı nə qədər aqressiv münasibət göstərdiklərinə dəfələrlə şahid olmuşam. Halbuki bu ideoloji xətt bəşəriyyət tarixində təhlükəlidir. Dəyərləri dağıdan ideologiyaya normal insan heç vaxt razı olmayacaq. Təəssüflər olsun ki, bu gün Fransa keçmiş müstəmləkə ərazilərində qəbuledilməz dəyərləri diktə etmişdir. Müstəmləkə ərazisində olan dəyərləri dağıtdıqdan sonra, yerli xalqları daha asanlıqla ram etməkdən ötrü hərəkətə keçmişdir. Təsadüfi deyil ki, Fransanın bu siyasətinə qarşı etiraz edənlər ideoloji xətlərin qurbanı olan xalqlar kimi təmsil olunur. Bu gün həmin ideologiyaya qarşı qətiyyətlə çıxış edən ölkəmizə qarşı da qarayaxma kampaniyaları keçirilir. Azərbaycan suverenlik, xalqların bərabərliyi, hamının bir-birinə hörmət etməsi əsasında çıxış edir. Qoşulmama hərəkatına sədrlik edərək xalqları, millətləri bu dəyərlər ətrafında birləşdirməyə çağırır. Ancaq bu ideoloji xətləri təqdim edən qüvvələrə sərf etmir. Son zamanlar Fransa, Niderland və Avropa instutları ölkəmizə qarşı aqressiv münasibət göstərirlər. Azərbaycanın ailə dəyərləri, bərabərlik, beynəlxalq hüquq normalarına hörmət çərçivəsində mövqeyi AŞPA-da qəbul edilmir. Çünki AŞPA öz təfəkkürünü dəyişərək bütün bu məsələləri yenidən “kəşf etmək” niyyətindədir. Bu da ümumbəşər dəyərlərə ziddir. Buna görə ideoloji xətt olaraq çox təhlükəlidir. Azərbaycan müstəqil, suveren ölkə kimi çox gözəl şəkildə özgə ideologiyalarla mübarizə aparır. Həmin ideologiyaları heç vaxt ölkəmizə yayılmasına imkan verməməliyik. Bu ideologiyanın Yaxın Şərqdə, Ukrayna-Rusiya müharibəsində nə qədər fəlakətli nəticələrə gətirib çıxarıb şahidi oluruq. Həmin ideologiya ölkələrin milli dəyərlərini dağıtmaq niyyətindədir. Buna isə biz heç vaxt yol verməyəcəyik".