Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fondun (IFAD) prezidenti Alvaro Larionun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşdə Azərbaycan və IFAD arasında kənd təsərrüfatı sahəsində səmərəli əməkdaşlığın davam etdirilməsində maraqlı olduğu vurğulanıb, əməkdaşlıq perspektivləri müzakirə olunub.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən "Operativ Media"a bildirilib ki, nazir Məcnun Məmmədov Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda keçirilməsinin əhəmiyyətinə toxunub, ölkəmizin qlobal çağırışlardan irəli gələn təşəbbüslərə böyük həvəslə qoşulduğunu, beynəlxalq tərəfdaşlarla səmərəli əməkdaşlığa önəm verdiyini vurğulayıb. Azərbaycanın Birləşmiş Millətlər Təşkilatının ixtisaslaşmış qurumu olan Kənd Təsərrüfatının İnkişafı üzrə Beynləxalq Fondu (IFAD) ilə əməkdaşlıqda maraqlı olduğu diqqətə çatdırılıb.
IFAD prezidenti Alvaro Lari təmsil etdiyi qurumun fəaliyyəti, müxtəlif ölkələrdə həyata keçirdikləri kənd təsərrüfatı layihələri barədə geniş məlumat verib, Kənd Təsərrüfatı Nazirliyi ilə əməkdaşlıq imkanlarından danışıb. O, Azərbaycanla kənd təsərrüfatı sahəsində əməkdaşlığa önəm verildiyini vurğulayıb.
Görüşdə IFAD ilə birgə əməkdaşlıq çərçivəsində həyata keçirilən layihələrin əhəmiyyəti vurğulanıb, Azərbaycanın yeni aqrar inkişaf strategiyasına uyğun olan layihələrin reallaşdırılması imkanları nəzərdən keçirilib. Tərəflər gələcək əməkdaşlıq üçün aqrar sahədə məhsuldarlığın daha da artırılması, fərdi təsərrüfatlara dəstək və ərzaq təhlükəsizliyinin təmin olunması, təbii sərvətlərin və ekoloji tarazlığın qorunması, aqro-ərzaq sistemlərinin rəqəmsal transformasiyası, qida istehsalı və emalı sahəsində beynəlxalq standartlara cavab verməklə ixrac potensialının artırılması, aqrar sahədə təhsil, təlim və elmi-tədqiqat işlərinin gücləndirilməsi, kənd yerlərinin və icmaların davamlı inkişafı üçün dayanıqlı kənd təsərrüfatı sisteminin qurulması mövzuları ətrafında fikir mübadiləsi aparıblar.